Üçcərgəli Mazda CX-80 krossoveri 2023-cü ilin sonunadək debüt etməlidir. Bu barədə şirkətin Avropadakı rəhbəri Martin ten Brink “Automotive News Europe” nəşrinə müsahibəsində bildirib. O, 80 indeksli krossoverin Mazda CX-60 modelinin daha böyük yeddi nəfərlik versiyası olacağını söyləyib.
Mazda CX-80 modeli Amerikada təqdim edilmiş CX-90 modelinin daha dar kuzovlu analoqu olacaqdır. CX-90 modelindən fərqli olaraq, CX-80 krossoveri ABŞ bazarında peyda olmayacaqdır: yeni model Avropada, Yaponiyada və ola bilsin ki, Avstraliyada satılacaqdır.
Mazda CX-80 krossoveri arxa ötürməli arxitektura üzərində inşa edilmiş və premium seqmentini hədəfləyən böyük modellər (Large Product Group) xəttinə qoşulacaqdır. Əlavə olunmuş üçüncü oturacaq cərgəsi sayəsində yeni krossover 4740 millimetrlik CX-60 modelindən daha böyük olacaqdır.
CX-80 modelinin mühərrik çeşidinə sıralı benzin və dizel aqreqatları, həmçinin dördsilindrli mühərrikin əsasında yaradılmış qoşulan hibrid qurğu daxil edilməlidir. Ötürmə - arxaya və ya tam olacaqdır.
Martin ten Brink eyni zamanda hələ də Avropadkı dilerlərinin anbarlarında olan Mazda CX-3 krossoverinin istehsalının dayandırıldığını da təsdiqləyib. Top-menecerin proqnozlarına görə, bu il Avropada ən çox satılan model CX-5 krossoveri olacaqdır.
Bu modelin satışlarına “mülayim” hibrid versiya təkan verməlidir. O, həmçinin yanvar ayında təqdim olunmuş MX-30 krossoveri ilə yanaşı, başqa modellərdə də rotor mühərrikinin quraşdırılacağını istisna etməyib. Bu modeldə rotor mühərriki benzin-elektrik qurğunun bir hissəsidir və batareyanın doldurulmasına cavabdehdir.
Maraqlıdır ki, ilkin olaraq Avropada yığcam CX-60 modeli debüt edib - o, ötən ilin yazında nümayiş etdirilib. Böyük CX-80 modelinin təqdimatı isə, yaxın zamanlarda keçirilməlidir.
ABŞ-da bunun tam əksi baş verib: ilk işıq üzü görən CX-90 flaqman krossoveri olub, daha yığcam CX-70 modeli isə 2023-cü ildə debüt etməlidir. Yapon şirkəti bunu CX-90 modelinin sələfi olan CX-9 krossoverinin çatışmazlıqları, həmçinin üçcərgəli krossoverlər seqmentində artan rəqabətlə izah edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.