Düz bir il əvvəl Mazda özünün idman bölməsini yenidən canlandırdığını elan edib və iki "bərkgedən" modelin prototiplərini nümayiş etdirib. Xoşbəxtlikdən, bu layihə getdikcə sərtləşən ekoloji qaydalara görə ləğv olunmayıb. Mazda 3 hetçbekinin drayver versiyası hələlik təxirə salınsa da, Tokio Auto Salon sərgisində seriyaöncəsi Mazda Spirit Racing Roadster (Yaponiyada MX-5 modeli Mazda Roadster adı ilə satılır) rodsteri nümayiş etdirilib.

Əvvəlki illərdə idman bölməsi Mazdaspeed adlanırdı və onun modellərinə MPS prefiksi verilirdi. Artıq “qaynar” yol avtomobillərinin yaradılmasına Yaponiyanın Super Taikyu çempionatında iştirak edən Mazda Spirit Racing zavod komandası cavabdehdir.

Rodsterin top versiyası üçün nəzərdə tutulmuş 2,0-litrlik Skyactiv atmosfer mühərrikinin təkmilləşdirməsində komandanın təcrübəsindən istifadə olunub. Fərqli silindr başlığı, yeni paylayıcı vallar, dəyişdirilmiş porşenlər, poladdan Fujitsubo buraxılış sistemi  184 at qüvvəli mühərrikin gücünü 200 at qüvvəsinə qədər artırmağa imkan verib.

Təəssüf ki, artıq  əvvəlki MPS versiyalarında quraşdırılan turbomühərriklərdən söhbət belə gedə bilməz.

Bununla belə, bu "zavod tüninqi" yalnız mühərrik üzərində çalışmalar ilə məhdudlaşdırılmayıb. Mazda Spirit Racing Roadster tənzimlənən Bilstein amortizatorlarını, gücləndirilmiş Brembo əyləclərini (ön oxda dördporşenli), kapotun altındakı əlavə dayaqları, yüngül döymə təkər disklərini və Yokohama Advan Neova AD09 yarımsliklərini əldə edib.

Transmissya - standart altı pilləli mexaniki ötürmələr qutusudur. Bamperlər və kandarlarda örtüklər peyda olub, həmçinin baqaj qapağında spoyler əlavə edilib. Sükan çarxı və bəzi interyer elementləri zamşa ilə işlənib.

Yaponiyada Mazda Spirit Racing Roadster modelinin qiyməti təxminən 5 milyon yen (32 000 dollar) olacaq. Xatırladaq ki, 1,5-litrlik mühərriki olan adi rodster 2,9-3,8 milyon yenə təklif olunur, standart 2,0-litrlik mühərrik isə, sərt qatlanan damı olan avtomobillərin (3,8-4,4 milyon yen) imtiyazıdır.

Mazda Spirit Racing Roadster 12R adlı daha ekstremal versiya da göstərilib. Onun fərqləndirici xüsusiyyətləri başqa xaricetmə kollektoru, titandan Fujitsubo buraxılış sistemi, Recaro “çalovları” (opsional dördnöqtəli Sabelt təhlükəsizlik kəmərləri ilə) və kuzovdakı etiketlərdir. 

 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Belə rodster üçün istehsalçı təxminən 7 milyon yen (44 min dollar) istəyəcək, lakin 12R versiyasının tirajı məhduddur: cəmi 200 nüsxə. Adi Mazda Spirit Racing Roadster modeli az sayda olsa da, məhdudiyyətsiz istehsal olunacaq.

Spirit Racing modelləri payızda Yaponiya bazarına çıxacaqlar. Digər ölkələrdəki satış perspektivləri hələlik sual altındadır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.