23-illik fasilədən sonra Mazda şirkəti kütləvi modellər üçün klassik düzülüşə qayıdır. Eyni zamanda, yapon markası premium seqmentə yüksəlmək və ilk növbədə, Lexus avtomobilləri ilə rəqabətə girişmək niyyətində olduğunu bildirib. Bu transformasiyaya beş il bundan əvvəl başlanılıb.
Bu proses şirkətin ehtiyatlarının əhəmiyyətli hissəsini tələb edib ki, bu səbəbdən də, Mazda 6 və CX-5 modellərinin istehsal dövrünü uzatmaq gərək olub. Nəticədə, adı çəkilən modellər təkrar modernizasiyadan keçiblər.
Köndələn yerləşən mühərriki və əsas arxa ötürməsi olan son Mazda avtomobilləri, 1999-cu ildə istehsalı dayandırılmış 929 sedanı və birinci nəsil MPV miniveni idi. Lakin yeni klassik düzülüşlü Skyactiv Sclable Architecture platforması iri ölçülü avtomobillər ailəsinin (Large Product Group) əsasını təşkil edəcəkdir. Bu platformada inşa edilən ilk avtomobil Mazda CX-60 krossoveri olub.
Ölçülərinə görə, CX-60 krossoveri BMW X3 və ya Jaguar F-Pace modelləri ilə eyni sinifdədir: yapon krossoverinin uzunluğu 4745 millimetr, eni – 1890 millimetr, hündürlüyü isə 1670 millimetr təşkil edir. Təkər bazasının uzunluğu 2870 millimetrdir.
Mazda CX-60 modelinin dizaynı şirkətin mövcud olan firma üslubunun inkişafıdır. Əlbəttə ki, nisbətlər fərqi ilə: qabaq bamperə tərəf çəkilmiş ön ox və uzun kapot krossoverə prestij bəxş edib. Təkər disklərinin ölçüsü 18-20 düym arasında dəyişə bilər. Baqaj bölümünü həcmi 570 litdir, arxa cərgənin . (arxa divan 40:20:40 nisbətində bölünür) qatlanması halında isə, bu göstərici 1726 litrə qədər artır.
Şassi arxitekturası ənənəvidir: öndə ikiqollu, arxada isə çoxqollu asqı var. Asqı yalnız yaylı ola bilər. Mazda CX-60 krossoverinin standart təchizatına, bu yaxınlarda MX-5 rodsterində debüt etmiş KPC (Kinematic Posture Control) elektron sistemi daxildir.
Bu sistem döngələrdə daxili arxa təkəri yavaşladaraq kuzovun yana əyilmələrini azaldır. Faktiki olaraq, bu sistem standart stabilizasiya sisteminin proqram əlavəsidir: elektronika sağ və sol təkərlərin sürətlərindəki fərqi hesablayır, habelə avtomobilin hərəkət sürətini nəzərə alaraq, gərək olan təkərin yavaşladılması səviyyəsini seçir.
Eyni zamanda, Mazda CX-60 krossoveri yapon markasının tarixindəki ilk plagin hibriddir. Əsas e-Skyactiv hibrid güc qurğusunun tərkibinə 2,5-litrlik dördsilindrli Skyactiv-G atmosfer mühərriki və 8-pilləli “avtomata” quraşdırılmış 136 at qüvvəli elektromotor daxildir. Hibrid sistemin ümumi hasilatı 327 at qüvvəsi və 550 Nm təşkil edir.
Üstəlik, hibrid krossover Mazda markasının tarixindəki ən güclü yol avtomobilidir. Bundan başqa, i-Activ AWD transmissiyası daimi tam ötürməlidir – yəni, yaponlar ön oxu qoşan muftadan imtina ediblər.
Hibrid, salonun döşəməsinin altında yerləşən 17,8 kilovat-saatlıq batareya ilə təchiz edilib. Dolu batareya ilə krossover sırf elektrik rejimində 63 kilometr qət edir və 100 km/saata qədər sürətlənir. Hibrid rejimində pasport üzrə yanacaq sərfiyyatı 1,5-litr təşkil edir. Hibrid krossover 100 km/saat həddini 5,8 saniyəyə toplayır. Sırf elektrik rejimi ilə yanaşı daha dörd hərəkət rejimi var: Normal, Sport, Off-Road və yedək üçün Towing.
Sonradan Mazda CX-60 başqa mühərrikləri də əldə edəcəkdir – bunlar yaradılması prosesi bitmək üzrə olan altısilindrli mühərriklərdir. Benzinlə çalışan e-Skyactiv X mühərriki və 3,3-litrlik Skyactiv-D turbodizeli 48-voltluq M Hybrid Boost stratyor-generatoruna malik olacaq və 8-pilləli “avtomat” ilə təchiz ediləcəklər. Tam ötürmə ilə yanaşı, arxa ötürməni seçmək imkanı da olacaq.
Mazda CX-60 modelinin interyer tərtibatında mövcud olan üslubdan istifadə olunub: ön panel, rəqəmsal cihazlar paneli və mərkəzi tunel tanış cizgilərə malikdirlər. Mediasistemin genişformatlı ekranı 12,3-düymlükdür.
Eyni zamanda, yüksək keyfiyyətli tərtibat materialları vəd olunub – bu, hətta baza Prime-Line təchizatına da aiddir. Tipik yapon Takumi (bu sözlə yüksək səviyyəli peşəkarları adlandırırlar) adına malik olan top versiyalarının salon tərtibatında Nappa dərisindən, ağac şponundan (ağcaqayın) və yapon Kakenui texnikasına əsaslanan qeyri-adi tikişdən istifadə olunacaqdır.
Opsiyalar arasında adaptiv kruiz-kontrol (yol nişanlarını tanıma funksiyası ilə), ön oturacaqların havalandırması, ikinci cərgənin qızdırılması, dairəvi görüntü kameraları, panoram dam və bir sıra sistemlər var. Üstəlik, Mazda Driver Personalisation System sistemi də mövcuddur: elektronika yaddaşda saxlanılmış sürücüləri üzdən tanıyır, klimat-kontrol və audiosistem də daxil olmaqla, bütün tənizmləmələri onların istəklərinə uyğunlaşdırır.
Mazda CX-60 modelinin satışlarına yayda başlanmalıdır. Almaniyada hibrid krossover 47 min avrodan başlayan qiymətlər ilə təklif ediləcəkdir. Bu “böyük alman üçlüyünün” bənzər hibrid krossoverlərinin qiymətindən 6-10 min avro ucuzdur. Növbədə daha iri üç cərgəli Mazda CX-80 krossoveri var. Amerika bazarı üçün isə Avropa və Yaponiyada satılan bənzərlərindən daha iri olacaq CX-70 və CX-90 modelləri hazırlanır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.