Mazda şirkəti yeni CX-90 krossoverinin və məşhur yapon aktyoru Hiroyuki Sanadanın da çəkildiyi videoçarxı yayımlayıb. Çarxda yeni krossoverin özü görünməsə də, onun qurğu və komponentləri kifayət qədər göstərilib. Yeni modelin təqdimatının yanvarın 31-də baş tutacağı gözlənilir, onun satışlarına isə bu il başlanmalıdır. Mazda CX-90 modeli üçün əsas bazar ABŞ olacaqdır.

Yeni krossover Mazda brendinin ABŞ-dakı ilk plagin hibridi, ən güclü və ən dəbdəbəli modeli olacaqdır. Bu sözlərin arxasında nələrin dayandığı hələlik gizli saxlanılır. Lakin gələcək flaqman haqqında bəzi detalları məşhur yapon aktyoru Hiroyuki Sanadanın (“47 Ronin”, “Vəhşi Qərbin dünyası”, “Mortal Kombat”, “Güllədən sürətli”) çəkildiyi The First Mazda CX-90: Unboxed tizer videosu açıqlayıb.

Video məşhur “bağlama açma” janrında çəkilib. Mazda işçiləri gələcək avtomobilin komponentlərini və ayrı-ayrı hissələrini qutulardan çıxarırlar, lakin kadrlarda yalnız mühərriki, təkərləri, asqı və salon elementlərini görmək mümkündür. Taymerə əsasən, krossoverin təqdimatı yanvarın 31-də keçiriləcək, onun Şimali Amerikadakı satışlarına isə 2023-cü ilin sonunadək başlanacaqdır.

Çox güman ki, CX-90 modeli hibrid sistemini “kiçik” CX-60 modelindən götürəcəkdir: belə qurğunun tərkibinə 2,5-litrlik benzin mühərriki və elektromotor daxildir. Hibrid güc qurğusunun ümumi hasilatı 327 at qüvvəsi və 500 Nm fırlanma anı təşkil edir.

 ©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.