Bir müddət bundan öncə Mazda şirkəti “Yeni Mazda dövrü başlayır” adlanan maraqlı bir videotizeri dərc edib. Həmin çarxda, yapon istehsalçısı yeni modelin noyabr ayında debüt edəcəyini də bildirmişdir. Bu gün isə Mazda növbəti tizerləri dərc edib.
Yeni tizerlər ilə yanaşı, Mazda şirkəti yeni modelin debütünün bu ayın sonunda işinə başlayacaq Los-Anjeles avtosalonunda keçiriləcəyini də təsdiq edib. Dərc edilmiş tizerlərdən də göründüyü kimi, yeni nəsil Mazda3 modeli Los-Anjelesdə beşqapılı hetçbek və dördqapılı sedan kuzovlarında nümayiş olunacaqdır.
Mazda3 modelinin dördüncü nəsli tamamilə yeni SkyActiv-Vehichle arxitekturasında inşa olunmuşdur. Yeni arxitektura Mazda3 sahiblərinə tamamilə yeni hisslər yaşatmalıdır. Eyni zamanda, yeni model SkyActiv ailəsindən olan müasir mühərriklər ilə təchiz ediləcəkdir.
İlkin məlumata görə, Mazda3 dizel aqreqatlarında olduğu kimi yanacağı sıxılma ilə alışdıran SkyActiv-X benzin mühərrikinə sahib olacaqdır. 2,0-litrlik mühərrik 190 at qüvvəsi və 230 Nm fırlanma anı hasil edəcəkdir.