Bir çox istehsalçıların dizel mühərriklərindən imtina etdiyi bir vaxtda Mazda şirkəti cəsarətli addım atıb. Yapon markasının Avropa nümayəndəliyi şirkət mühəndislərinin “dizel mühərriklərinin eklolji cəhətdən nə qədər effektiv olduğunu” nümayiş etdirəcəklərini bəyan edib.
Gələcək dizel mühərrikinin üzərində çalışmaların getdiyi barədə “Autocar” nəşrinə Mazda şirkətinin Avropa filialının tədqiqatlar və işləmələr şöbəsinin rəhbəri Kristian Şultse bildirib. Şirkət rəsmisi yeni dizelin Skyactiv-X ailəsinə xas olan sıxılmadan alışma texnologiysına sahib olacağını təsdiq etməsə də, “benzin və dizel yanacağı arasında elə də ciddi fərqin olmadığını” bildirib.
Hibrid və elektromobillərə keçid fonunda yapon istehsalçısının dizel mühərriklərinə olan sadiqliyini Kristian Şultse bütün növ güc aqreqatlarını inkişaf etdirməyin vacib olduğu ilə əlaqələndirib. O, “ümid edirəm ki, hökumətlər ayılaraq elektrikləşmə ilə yanaşı digər yolların da olduğunu görəcəkdirlər”, - söyləyib.
Məlumdur ki, “Dizelgeytdən” sonra bütün dünyada dizel avtomobillərinə olan tələbatın azalması müşahidə edilir. Məsələn, Böyük Britaniyada dizel avtomobillərinin satışı ilin əvvəlindən 20% azalıb. Buna baxmayaraq, Mazda şirkəti yaxın gələcəkdə Volvo və Porsche kimi dizel aqreqatlarından imtina etmək fikrində deyil.
Bununla belə, yapon markası elektrik güc aqreqatlarının yaradılmasına da kifayət qədər diqqət yetirir. Mazda markasının ilk elektrokarı bu həftə Tokyoda işinə başlayacaq avtosalonda debüt edəcəkdir. Yapon istehsalçısının ilk elektrokarının yığcam şəhər avtomobilinin olacağı məlumdur. Mazda EV modeli 240 km yürüş məsafəsinə malik olmalıdır.