28 oktyabr tarixində işinə başlayacaq Tokyo avtosalonunda Mazda şirkəti iki konsept nümayiş etdirəcəkdir. Bunlardan birincisi, böyük ehtimalla, yeni Mazda3 modelinin carçısı olacaq, ikinci model isə, markanın “dizayn üslubunun” inkişafından bəhs edəcəkdir.
Seriya öncəsi prototip, seriya modellərində tətbiq olunacaq dizayn və yeni texnologiyaları nümayiş etdirən hetçbek kuzovlu yığcam avtomobil olacaqdır. Bu texnologiyaların arasında SkyActive-Vehicle və sıxılmadan alışan mütərəqqi SkyActive-X benzin mühərriki də vardır. İkinci konsept isə, kupeşəkilli dördqapılı sedan olacaqdır. Həmin avtomobil, Mazda CX-5 krossoverində debüt etmiş Kodo dizayn-konsepsiyasının daha dərin ifadəsini nümayiş etdirəcəkdir. Modellər haqqında başqa məlumat verilməyib.
SkyActive-X mühərriklərində yanacağın alışması, dizel mühərriklərində olduğu kimi, yanacaq qarışığının sıxılması yolu ilə baş verir. Eyni zamanda, bu texnologiya mühərriklərin fırlanma anını 10-20 faiz artırmağa xidmət edir. Eyni zamanda, mühərrikin qənaətcilliyi də 20-30 yüksəlmiş olur. Gözlənilənlərə görə, SkyActive-X mühərriki Mazda3 modelinin yeni nəslində debüt edəcəkdir. Yeni Mazda3 modelinin 2019-cu ildə işıq üzü görəcəyi ehtimal edilir.