Mazda şirkəti 8 martda təqdimatı keçiriləcək CX-60 modelinin tizer kampaniyasını davam etdirir. Mazda CX-60 modeli Large Product Group (“Böyük Məhsullar Qrupu”) xəttinin ilk krossoveri olacaqdır. Bu xəttə arxa ötürməli platformada inşa edilmiş iri avtomobillər daxil olacaqdır. Yapon istehsalçısı bu avtomobillərin köməkliyi ilə, avtomobil bazarının daha bahalı seqmentinə müdaxilə etməyi düşünürlər. Bunu premium tərtibata malik olan salonun ilk tizer də təsdiq edir.
Mazda şirkətinin Avropa bölməsinin YouTube kanalındakı hesabında dərc edilmiş 12 saniyəlik videoçarxda Mazda CX-60 modelinin ön panelinin və qapı kartının bir hissəsi nümayiş olunur. Salon tərtibatında Nappa dərisindən və ağcaqayın ağacında hazırlanmış dekorativ elementlərdən istifadə edildiyi diqqəti çəkir. Ön paneldəki parçanı birləşdirən toxunuş yapon “musubu” sənətkarlıq texnikasından ilham alınaraq yaradılıb.
Large Product Group ailəsinin modelləri uzununa yerləşən mühərrik, əsas arxa ötürməsi və ön oxu qoşma muftası olan tam ötürmə sistemi ilə təchiz ediləcəklər. Bu platformaya əsaslanan model çeşidi beynəlxalq olacaq, lakin müxtəlif bazarlar üçün Mazda müxtəlif modellər hazırlayacaqdır. Məsələn, CX-60 modeli Yaponiya və Avropa bazarları üçün nəzərdə tutulub. Eyni zamanda, model çeşidində üçcərgəli Mazda CX-80 modeli də peyda olacaqdır. Amerika bazarı üçün isə, bu modellərin daha iri versiyaları olan CX-70 və CX-90 indeksli modellər hazırlanacaqdır.
Artıq şirkətdən bildirildiyi kimi, bu modelləri üçün sıralı altısilindrli Skyactiv-X (benzin) və Skyactiv-D (dizel) mühərrikləri hazırlanır. Hər iki mühərrik 48-voltluq startyor-generatora malik olacaqdır. Krossoverin, dördsilindrli mühərrikin əsasında yaradılmış 300 at qüvvəli qoşulan hibrid güc qurğusu ilə təchiz edilmiş versiyasının da olacağı bildirilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.