Mazda şirkəti yapon istehsalçısının yeni flaqman krossoveri olacaq CX-90 modelinin təqdimatının yaxın zamanlarda keçiriləcəyini bəyan edib. Yeni krossover yapon istehsalçısının model çeşidindəki ən böyük və ən bahalı krossover olacaqdır.

Modelin əsasını Mazda CX-60 krossoverinin inşa edildiyi uzununa yerləşən mühərriki olan arxa ötürməli platforma təşkil edəcəkdir. Flaqman krossoverinin salonu üç oturacaq cərgəsinə malik olacaq, onun mühərrik çeşidinə isə 3,0-litrlik sıralı altsilindrli benzin mühərriki daxil ediləcəkdir. Plagin hibrid versiyası da vəd edilib - yeni tizerdə məhz belə krossover təsvir olunub.

Yeni təsvirdə gələcək Mazda CX-90 krossoverinin arxa tərəfinin bir hissəsi nümayiş etdirilir. Baqaj qapağında e-Skyactiv PHEV nişanını görmək mümkündür ki, bu da təkrar doldurulma funksiyası olan e-Skyactiv hibrid güc qurğusu ilə təchiz edilmiş Mazda CX-90 PHEV (Plug-in Hybrid Electric Vehicle) versiyasına işarədir.

Çox güman ki, CX-90 modeli hibrid sistemini “kiçik” CX-60 modelindən götürəcəkdir: belə qurğunun tərkibinə 2,5-litrlik benzin mühərriki və elektromotor daxildir. Hibrid güc qurğusunun ümumi hasilatı 327 at qüvvəsi və 500 Nm fırlanma anı təşkil edir. 

İlkin tizerdə krossover fərqli bir nişan ilə göstərilmişdi – “Inline6” emblemi sıralı altısilindrli benzin mühərrikinə işarə edirdi.

Mazda CX-90 modeli ABŞ bazarında CX-9 krossoverinin birbaşa varisi kimi mövqeləndirilir və Şimali Amerika bazarı tamölçülü krossover üçün əsas bazar olacaqdır. Mazda həmçinin Şimali Amerika üçün CX-50 və CX-70, Avropa üçün isə CX-60 və CX-80 indeksli krossoverləri hazırlayır. Bundan başqa, generator rolunu oynayan rotor mühərriki ilə təchiz ediləcək Mazda MX-30 hibridinin də buraxılacağı bildirilib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.