Mazda şirkəti bu gün xərclərin azaldılması və sürücüyə yardım sistemlərinin təkmilləşdirilməsi ilə yanaşı, üç mərhələli elektrikləşdirmə proqramını ehtiva edən yenilənmiş ortamüddətli yol xəritəsini təqdim edib. Birinci mərhələdə ətraf mühitə vurulan ziyanın təsiri azaltmaq üçün, mövcud olan texnoloji aktivlərdən geniş istifadə nəzərdə tutulub.

İkinci mərhələ yeni hibrid sistemin və qlobal elektrik modellərinin təqdimatı ilə əlamətdar olacaqdır. Üçüncüsü mərhələ isə, batareya texnologiyalarına investisiyaların genişləndirilməsi və “yaşıl” avtomobillərin sayının artırılmasını əhatə edir.

İlkin hesablamalara görə, 2030-cu ilə qədər Mazda markasının ümumi satışlarında elektromobillərin payı 25-40 faizə qədər artmalıdır. 2035-ci ilə qədər şirkətin bütün zavodları karbon neytral olmalıdırlar, 2050-ci ilə isə karbon qazı emissiyalarının sıfır balansı əlavə dəyər yaradan bütün sahələrdə tətbiq edilməlidir.

Yapon istehsalçısının öz gələcəyinə baxışını isə Vision Study virtual prototipi nümayiş etdirir. Virtual sportkar barədə ətraflı məlumat verilmədiyi üçün, onu gələcək MX-5 modelinin carçısı kimi qəbul etmək olar. Doğrudur, söhbətin yeni nəsildən getdiyini və yaxud Mazda şirkətinin on il irəli baxdığını söyləmək bir qədər çətindir.

Növbəti nəsil Mazda MX-5 modelinin indiki konsepsiyaya sadiq qalacağı və hətta daxili yanma mühərrikini saxlayacağı artıq məlumdur. Lakin sportkarın ekoloji standartlara cavab verməsi üçün onun elektrikləşdirilməsi mütləqdir. Elektrikləşdirmənin nə qədər dərin olacağı 2024-cü ildə bilinəcəkdir. Buna baxmayaraq, tamölçülü və ya plagin hibridi gözləməyə dəyməz.

Çox güman ki, MX-5 modelini 2.0 e-Skyactiv X aqreqatı ilə hərəkətə gələn “yumşaq” hibridə çevirəcəklər. Məsələn, Mazda 3 modelində bu qurğu 190 at qüvvəsi və 240 Nm fırlanma anı hasil edir. Qeyd etmək gərəkdir ki, bu, 2,0-litrlik atmosfer mühərrikinin hasilatından o qədər də çox deyil.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.