Mazda şirkətinin Şimali Amerika nümayəndəliyi yeni modelin təqdim ediləcəyinə işarə edən tizeri dərc edib. Qısa videoçarxda yalnız mühərrikin səsi eşidilir. Şirkət daxilindəki mənbələr, təqdim ediləcək avtomobilin Mazda3 modelinin 2.5-litrlik turbomühərrik, “avtomat” və tam ötürmə sistemi ilə təchiz edilmiş “qaynar” versiyasının olacağını bildiriblər. ABŞ-dakı Mazda dilerləri də “qaynar” modifikasiyanın yaxınlaşan debütünü təsdiqləyirlər.
Mazda şirkətinin Mazda3 modelini turbomühərrik ilə təchiz edəcəyi barədə məlumat dilerlər üçün hazırlanmış bülletenlərdə peyda olub. Bülletenlərdə “qaynar” hetçbek və sedanların tam ötürmə və 6-pilləli “avtomat”ilə təchiz ediləcəyi bildirilirdi.
Çox güman ki, Mazda3 hetçbek və sedanları “böyük” Mazda6, CX-5 və CX-9 modellərindən yaxşı tanış olan 2,5-litrlik Skyactiv-G benzin turbomühərrikini əldə edəcəkdirlər. Turbomühərrikin hasilatının 250 at qüvvəsi və 420 Nm fırlanma anı olacağını gözləmək olar. Beləliklə, Mazda3 Turbo modifikasiyası bu ailənin ən güclü avtomobili olacaqdır. Hazırda ən güclü Mazda3 modeli 188 at qüvvəli mühərrik ilə təklif edilir.
Bununla birlikdə, mühərrik çeşidinin genişlənməsi MPS xəttinin bərpa ediləcəyinə dəlalət etmir. Şübhəsiz ki, Mazda şirkəti idman asqısı, aqressiv kuzov dəsti quraşdırmaqdan imtina edəcək və turbomühərrik ilə mexaniki transmissiyanın tandemini təklif etməyəcəkdir. Mazda3 Turbo modelinin texniki cəhətdən Volkswagen Golf GTI və Hyundai i30 N hetçbeklərinə yaxın olmasına baxmayaraq, yapon modelinin movqeləndirməsi fərqli olacaqdır.
Mazda şirkətinin “qaynar” Mazda3 modellərini ABŞ bazarından kənarda satmaq planlarının olması barədə heç bir məlumat yoxdur. Hetçbek və sedanların top versiyalarının Avropadakı satışlarına ilin sonuna yaxın başlana bilər.
Mazda şirkəti yeni model haqqında bütün təfərrüatları 8 iyul 2020-ci il tarixində açıqlayacaqdır.