Mazda şirkəti yenilənmiş Axela hetçbek və sedanını rəsmi olaraq təqdim etmişdir. Bu avtomobil bizim bazarda daha çox Mazda3 kimi tanınır. Yenilənmiş avtomobil sükanın vəziyyətindən aslı olaraq aparıcı təkərlərdə dartma qüvvəsini dəyişməyə imkan verə G-Vectoring sistemi ilə təchiz edilir.

G-Vectoring Control sistemi hər beş millisaniyədən bir sükan çarxının vəziyyəti və hərəkət sürəti barədə məlumat toplayır. Əldə edilmiş məlumatı təhlil etdikdən sonra, sistem aparıcı təkərlərə ötürülən fılanma anını azaltmaq (döngələrdə 30 Nm, düzlükdə 10 Nm) barədə qərar qəbul edir. Bu döngələrdə ön oxa düşən yükü azaltmağa imkan verir.

G-Vectoring Control sayəsində Mazda3 modelinin nəinki idarəetməsi yaxşılaşdırılmışdır, bu həmçinin hərəkət rahatlığına da müsbət təsir göstərmişdir. Beləliklə, sürücüyə döngələri qət etmək üçün daha az güc sərf etmək gərəkdir. Avtoistehsalçının sözlərinə görə, yeni sistem aşağı ilişmə səviyyəsi olan yol səthlərində daha faydalı olacaqdır.

Bundan əlavə, Mazda3 modelinin dizaynında da müəyyən dəyişikliklər baş vermişdir. Avtomobil yeni fənərlər, radiator barmaqlığını və onun xrom haşiyəsini, həmçinin bamperi əldə etmişdir. Arxa hissədə isə bamper və fənərlər dəyişdirilmişdir. Ən nəzərə çarpacaq dəyişikliklər avtomobilin interyerindədir - burada siz yeni sükan çarxını və əl əyləcini əvəz edən düyməni görə bilərsiniz.

Yenilənmədən sonra Mazda3 oturacaqların yaddaş paketini, yaxşılaşdırılmış görüntüsü olan proyeksiya displeyini və qabaqdan toqquşmaları önləyən sistemin təkmilləşdirilmiş variantını əldə etmişdir. Artıq bu sistem lazerin əvəzinə kameradan istifadə edir ki, toqquşma təhlükəsi olarsa avtomobil nəinki digər avtomobilin, həmçinin piyadanın da qarşısında əylənəcəkdir. Elektronika qarşıdakı avtomobilləri 4-80 km/saat , piyadaları isə 10-80 km/saat arasındakı sürətlərdə aşkar edir.

Yaponiyada sedan və hetçbek iki dizel və bir benzin mühərriki ilə təchiz ediləcəkdir. Bundan başqa, tərkibinə 2,0-litrlik benzin mühərriki və elektromotor daxil olan hibrid güc aqreqatı da təklif ediləcəkdir. Vətənində Mazda Axela tam ötürməli çəkiş sistemi ilə də təklif edilir.