Mazda şirkəti növbəti nəsil Mazda6 modelini, Toyota şirkətindən alınacaq, arxa çəkişli platformada istehsal edəcəkdir. Bu platforma, rotor mühərrikli Mazda RX Vision konseptinin seriya variantının əsasını təşkil edəcəkdir. Bu barədə xəbəri Yaponiyanın Car Sensor nəşri yayıb.
Cari nəsil Mazda6 modeli öndə McPherson dayaqları, arxada isə çoxqollu asqısı olan öndən çəkişli platformada inşa edilib. Nəşr hesab edir ki, arxadan çəkişli platformaya keçidin başlıca səbəbi Mazda6 modelinin bazardakı mövqeyinə yeni baxışdır. Yeni Mazda6 modeli daha dəbdəbəli olacaq, onun dizaynı tamamilə dəyişəcək, təchizatı isə daha zəngin olacaqdır. Avtomobilin mühərrik çeşidinə yeni SkyActive-X ailəsindən olan benzin mühərrikləri daxil ediləcəkdir.
Bu mühərriklərdə yanacağın alışması, dizel mühərriklərində olduğu kimi, yanacaq qarışığının sıxılması yolu ilə baş verir. Eyni zamanda, bu texnologiya mühərriklərin fırlanma anını 10-20 faiz artırmağa xidmət edir.
Yeni arxadan çəkişli platformadan Lexus IS və GS modellərinin növbəti nəsillərinin inşası zamanı istifadə ediləcəkdir. Yeni Mazda6 modeli 2025-ci ildə işıq üzü görəcəkdir.