Almaniyadan olan McChip-dkr tüninq atelyesi Porsche 911 Targa 4 GTS modelini ekstremal 911 GT3 RS sportkarına çevirməyi təklif edir.
Xatırladaq ki, Porsche 911 Targa 4 GTS modeli 450 at qüvvəli, 550 Nm fırlanma anı olan 3,0-litrlik altı silindrli mühərriklə hərəkətə gəlir. Güc aqreqatı 7-pilləli mexaniki və ya robotlaşdırılmış PDK ötürmələr qutusu ilə birgə çalışır. Sportkar tam ötürməli çəkiş sistemi ilə təchiz edilir. Avtomobil 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənir və 308 km/saat maksimal sürətə malikdir. Alman tüninq mütəxəssisləri ilk növbədə avtomobilin güc aqreqatını təkmilləşdiriblər.
Onlar mühərriki yeni turbokompressorlar və idman katalizatorları olan Capristo buraxılış sistemi ilə təchiz edərək onun proqram təminatını yeniləyiblər. Nəticədə mühərrik 566 at qüvvəsi və 675 Nm fırlanma anı hasil edir.
Bundan başqa, sportkar KW firmasının yaylarına və karbon-saxsı əyləc mexanizmlərinə, öndə 20-düymlük, arxada isə 21-düymlük təkər disklərinə sahib olub.
Sportkarın xarici görünüşünü GT3 RS modelinə bənzətmək üçün tüninq mütəxəssisləri Porsche şirkətinin istehsalı olan aerodinamik kuzov dəstindən istifadə ediblər. Sportkar yeni qanadları, ön və arxa bamperləri və yan ətəkləri əldə edərək GT3 RS modelinə məxsus olan görünüşə malik olub.
McChip-dkr mütəxəssisləri Targa 4 GTS sportkarının interyerini klassik Porsche modellərinin üslubda tərtib ediblər. Onlar oturacaqları və qapı panellərini damalı parça ilə üzləyərək klassik modellərin salonunu xatırladan interyeri yaradıblar. Tünerlər təkmilləşdirmələrin qiymətini açıqlamayıblar.