McLaren Automotive şirkəti 570S superkarının trek variantı olan “Sprint” modifikasiyasını təqdim etmişdir. Avtomobilin dünyəvi premyerası bu həftənin sonunda Qudvudda keçiriləcək “Sürət festivalında” keçiriləcəkdir. Yeni avtomobil ön bamperin yan tərəflərinə quraşdırılmış karbondan hazırlanmış şaquli aerodinamik elementlərlə və iri ölçülü karbonplastikdən düzəldilmiş antiqanadla təchiz edilir. Bir sıra elementlər McLaren 570S modelinin Beynəlxalq avtomobil assosiasiyasının (FİA) GT4 kateqoriyasının tələblərinə uyğun hazırlanmış yarış variantından götürülmüşdür.
Superkar həmçinin maqneziumdan hazırlanmış və mərkəzi kilid sistemi olan təkər diskləri, Pirelli slikləri, təkərləti tez dəyişmək üçün gərək olan pnevmatik domkratlarla (opsional), yanğınsöndürmə sistemi, FİA tərəfindən tövsiyə edilmiş təhlükəsizlik karkası və altı nöqtəli təhlükəsizlik kəmərləri olan yarış oturacaqları ilə təchiz edilir. Sərnişin oturacağının quraşdırılmasına əlavə ödəniş tələb olunur.
Trek kupesi adi superkarlar kimi 3,8-litrlik iş həcmi olan iki turbokompressorlu səkkis silindirli mühərriklə təchiz edilmişdir.
Adi halda bu mühərrik 570 at qüvvəsinə və 600 Nm fırlanma anına malikdir və yeddi pilləli robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır.
“Sprint” modifikasiyasının turbomühərrikinin gücü açıqlanmamışdır. Britaniya şirkətindən bildirilənlərə görə, mühərrik maksimal sürüş kefiyyətini təmin edəcək gücə, fırlanma anına və buraxılış sisteminin səsinə malikdir. Bu modifikasiya ümumi yollarda və hər hansı bir çempionatda iştirak üçün sertifikatlaşdırmadan keçməmişdir.
Əlavə ödənişlə avtomobili GT4 seriyasında çıxış üçün hazırlamaq mümkündür. McLarem 570 S Sprint modelinin qiyməti 148 min funt-sterlinqdən (323 min manat) başlayır.
İlk avtomobillər sifarişçilərə 2017-ci ildə çatdırılacaqdır.