McLaren Automotive şirkəti ən sürətli və güclü modeli olan 675LT Spider superkarının xüsusi modifikasiyasını təqdim etmişdir. MSO Carbon Series LT adını almış sportkarın konstruksiyasında standart modelə nisbətən 40 faiz daha çox karbondan hazırlanmış elementlərdən istifadə edilmişdir. «Karbon» seriyasından olan rodster Britaniya istehsalçısının xüsusi bölməsi olan MSO (McLaren Special Operations) tərəfindən hazırlanmışdır. Avtomobilin açılan tavanı, arxa hissəsi, qabaq dayaqları, yan kandarlar və kapotu kompozit materialdan hazırlanmışdır. Bundan əlavə, superkar karbondan hazırlanmış qanadlar və yanacaq çəninin ekskluziv qapağını əldə etmişdir.
Bundan başqa, superkarın ön qanadlarında yarış avtomobili olan 650GT3 modelində quraşdırılan elementlərə bənzəyən aktiv aerodinamik elementlər yerləşdirilmişdir. Texniki cəhətdən superkar dəyişilməz qalmışdır. McLaren 675LT Spider modeli 675 at qüvvəsi və 700 Nm fırlanma anı olan 3,8-litrlik iki turbokompressorlu səkkizsilindirli mühərriklə hərəkətə gəlir. Güc aqreqatı yeddi pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır. Superkar yerindən 100 kilometr-saat həddinə 2,9 saniyəyə sürətlənir. 200 kilometr-saat sürətinə çatmaq üçün superkar 8,1 saniyə sərf edir. McLaren 675LT Spider modelinin maksimal sürəti 326 kilometr-saata bərabərdir.
McLaren Automotive şirkəti «karbon» seriyasından olan superkarlardan cəmi 25 ədəd buraxılacaqdır. Avtomobillərin istehsalına payızda başlanmalıdır. İlk avtomobillər sifarişçilərə ilin sonlarında çatdırılacaqdır. Superkarın qiyməti açıqlanmamışdır.
