McLaren Automotive şirkəti "orta" Super Series seriyasına daxil olan 765LT (Longtail) modelini təqdim edib. McLaren 765LT modeli 720S kupesinin daha yüngül və daha güclü modifikasiyasıdır. Model markanın tarixində üçüncü "uzun quyruqlu" seriya avtomobilidir: əvvəllər belə prefiks ilə 675LT və 600LT modelləri mövcud olub.
Britaniya markasının mühəndisləri McLaren 765LT modelini karbon lifindən hazırlanmış yeni kuzov panelləri ilə təchiz ediblər ki, bunun sayəsində də, 720S kupesi ilə müqayisədə avtomobilin çəkisi 80 kiloqram azalıb. Superkarın bamperləri, ön splitteri, "ətəkləri" və diffuzoru karbon lifindən hazırlanıbdır.
Bundan əlavə, superkar titandan buraxılış sistemini, nazik şüşələri, titandan təkər boltları olan 10 qollu ultra yüngül döymə təkər disklərini və model üçün xüsusi olaraq hazırlanmış Pirelli şinlərini (təkər də disklərin çəkisi 720S modelində olduğundan 22 kiloqram azdır) əldə edib. Nəticədə, yeni modelin kütləsi 1229 kiloqram təşkil edir.
Superkarın salonu da dəyişib. Səkkiz daxili rəng seçimi ilə yanaşı, salon tərtibatında karbondan geniş istifadə edilib. Karbon lifindən kresloların, mərkəzi tunelin və hətta döşəmənin hazırlanmasında istifadə olunub.
Superkarin ön təkər izi genişləndirilib, ön tərəfdəki klirensi beş millimetr azaldılıb, yeni yaylar quraşdırılıb və aktiv amortizatorlar yenidən tənzimləniblər.
Superkar təkmilləşdirilmiş dörd litrlik səkkizsilindrli mühərrik ilə hərəkətə gəlir. Mühərrik döymə porşenlərə, silindr başlığının fərqli ara qatına və idarəetmə blokuna sahib olub. Yeddi pilləli iki muftalı ötürmələr qutusu ilə tandemdə çalışan mühərrik 765 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edir.
McLaren 765LT modeli 100 km/saat həddinə 2.8 saniyəyə, 200 km/saat həddinə isə 7.2 saniyəyə sürətlənir. Onun maksimal sürəti saatda 330 kilometrdir. İstehsalçı, modelin şəhərdə 100 kilometrə 17 litr yanacaq sərf etdiyini bildirib.
Yeni superkara sifarişlər artıq qəbul edilir, lakin hələlik avtomobilin dəqiq qiyməti səsləndirilməyib. Qeyri-rəsmi məlumatlara görə, McLaren 765LT modeli təxminən 400.000 funt sterlinqə başa gələcəkdir. Ümumilikdə, superkar 765 nüsxəlik tirajla buraxılacaqdır.