McLaren şirkəti trekdə avtomobil sürməyə üstünlük verənlər üçün 720S kupesinin hardkor versiyasını təqdim edib. McLaren 720S GT3X adlanan superkar qısamüddətli güc artımını təmin edən push-to-pass düyməsinə, iki nəfərlik kokpitə və aqressiv aerodinamik kuzov dəstinə malikdir, lakin ümumi yollara çıxışı yoxdur - avtomobili qeydiyyata almaq mümkün deyil.
McLaren 720S GT3X modelinin əsasını 720S GT3 yarış avtomobili təşkil edir, lakin bir çox cəhətdən trek superkarı GT versiyasını üstələyir. Səbəbi isə məlumdur - şirkət mühəndisləri FIA qaydaları ilə məhdudlaşdırılmayıblar.
GT3X və GT3 arasındakı əsas texniki fərq gücləndirilmiş 4,0-litrlik V8 mühərrikindədir: aqreqat yeni turbokompressorlar, dəyişdirilmiş giriş sistemi və təkmilləşdirilmiş soyutma sistemi ilə təchiz edilib. Nəticədə mühərrikin gücü 500-dən 720 at qüvvəsinə yüksəlib. Push-to-pass düyməsinə basaraq, gücü qısa müddət ərzində 30 at qüvvəsi artırmaq olar.
Digər bir əhəmiyyətli yenilənmə - iki oturacaqlı kokpitdir. Məlumdur ki, yarış 720S GT3 modelində sərnişin oturacağı yoxdur. Pilot bacarıqlarını təklikdə cilalamasın deyə, McLaren təhlükəsizlik qəfəsinin konstruksiyasını yenidən işləməli olub. Bununla birlikdə, müştəri əlavə oturacaqdan imtina edə bilər.
Digər fərqlər o qədər də ciddi deyil. McLaren 720S GT3X modeli orijinal avtomobildən yenidən işlənmiş aerodinamik kuzov dəsti, dəyişdirilmiş əyləc sistemi və genişləndirilmiş tənzimləmələri ilə fərqlənir. Trek kupesinin dinamik xarakteristikaları açıqlanmayıb, lakin McLaren 720S GT3X modelinin 720S GT3 modelindən daha sürətli olacağını söyləyib.
McLaren avtomobilin qiymətini də açıqlamayıb və sifarişlərin qəbuluna başlamayıb, bu səbəbdən 720S GT3X modelinin qiymətini yalnız təxmin ermək olar. ABŞ-da adi 720S GT3 modelinin qiyməti 564 min dollardan başlayır, lakin daha sürətli trek versiyasının daha bahalı olacağı şübhəsizdir.