LT (yəni Long Tail) indeksi olan modellər McLaren superkarlarının xüsusi kastasıdır. “Uzun quyruğu” olan ilk avtomobil 1997-ci ildə debüt etmiş McLaren F1 GTR yarış avtomobili olub: uzadlmış arxa hissə yerəbasma gücünü artırmalı və üstəlik hava axını stabilizatoru rolunu oynamalı idi.

Sonradan bu həll yolu marketoloqların silahına çevrildi və indi LT modelləri şirkətin model xəttində ayrıca yer tuturlar. Əslində, faktiki olaraq, uzun quyruğun yalnız adı qalıb.

Ən son Longtail modeli 2020-ci ilin yazında nümayiş olunub - bu, 720S modelinin təkmilləşdirilmiş və yaxşılaşdırılmış versiyası olan McLaren 765LT kupesidir. İndi isə, bu superkarın açıq verisyası olan McLaren 765LT Spider modeli təqdim edilib.

Spayder həqiqətən də uzadılmış arxa hissəyə malikdir: kuzovun arxa çıxışı 48 millimetr artırılıb. Əlavə 9 millimetrlik artımı iri antiqanad təmin edir. Yəni, ümumilikdə avtomobilin arxa hissəsi 57 millimetr uzadılıb və spayderin ümumi uzunluğu 4600 millimetrə çatır.

Bununla birlikdə, uzun quyruq LT modelinin yeganə fərqi deyil. McLaren 720S Spider modeli ilə müqayisədə, 765LT Spider 80 kiloqram (1388 kiloqram) daha yüngüldür. Bundan başqa, dörd çıxış borusu olan titandan hazırlanmış (poladdan variantdan 40% daha yüngül) buraxılış sistemi, daha incə şüşələr, döymə təkər diskləri quraşdırılıb.

İnteryer tərtibatında karbondan geniş istifadə olunur. Üstəlik, standart təchizatdan kondisioner (10 kiloqram) və səs sistemi (1,5 kiloqram) çıxarılıb. Bu avadanlıqları əlavə ödəniş qarşılığında quraşdırmaq olar.

Karbonplastikdən hazırlanan tavan servoötürməyə malikdir: damı 50 km/saat sürətində 11 saniyəyə qaldırmaq və ya qatlamaq olar. Qatlanan dam ucbatından spayder kupedən 49 kiloqram ağır alınıb.

Qeyd etmək gərəkdir ki, şaquli arxa pəncərə ayrıca endirilir və qaldırılır, antiqanad isə, damın mövqeyindən asılı olaraq hücum bucağını avtomatik olaraq dəyişdirir. Ümumiyyətlə, 765LT Spider modelinin daha aqressiv aerodinamik dayağı, McLaren 720S Spider modeli ilə müqayisədə 25% daha çox yerəbasma gücü hasil edir.

Yeni spayderin kapotunun altında 765 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərrik yerləşir. Güc aqreqatı ilə tandemdə çalışan yeddi pilləli preselektiv SSG “robotu” da təkmilləşdirilib.

Bundan əlavə, LT modeli adaptiv asqının özünəməxsus tənzimləmələrinə, daha geniş ön təkər izinə və hündürlüyü 5 millimetr azaldılmış klirensə malikdir. Bütün bu dəyişikliklər spayderin ilan kimi qıvrılan yollarda özünü daha inamlı hiss etməsi üçündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni McLaren 765LT Spider modeli 100 km/saat həddinə 2,8 saniyəyə sürətlənir ki, bu da baza spayderində olduğundan 0,1 saniyə yeyindir. 200 km/saata sürətlənmə 7.2 saniyə (- 0,7 saniyə), 300 km/saata 19,3 saniyə çəkir.

Lakin artan yerəbasma gücü və digər ötürmə nisbətləri maksimal sürətə təsir göstərib. 720S Spider modelinin maksimal sürət həddi 341 km/saat təşkil edirsə, 765LT Spider modelində bu göstərici 330 km/saatdır.

McLaren 765LT Spider modeli 765 nüsxəlik tirajla buraxılacaqdır. Superkarın başlanğıc qiyməti 311.000 funt sterlinq olacaqdır. Eyni nüsxədə buraxılmış 765LT kupesinin bütün tirajı artıq satılıbdır. Spayderə sifarişlər hələlik qəbul olunur, lakin bu il istehsal ediləcək avtomobillər artıq öz sahiblərini tapıblar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.