McLaren Automotive şirkəti «əlverişli və komfortlu» adlandırdığı 570GT (Gran Turismo) modelini təqdim etmişdir. Bu model, 570S və 540C sportkarları ilə yanaşı Sport Series ailəsinin üçüncü üzvüdür. McLaren 570 GT standart modeldən damının forması və açılan arxa şüşəsi ilə fərqlənir. Bu açılan şüşə, avtobobilin arxa hissəsində yerləşən 220 litr həcmi olan baqaj bölməsinə əşyaların yerləşməsini təmin edir. Bundan başqa, avtomobilin ön hissəsində 150 litrlik əlavə baqaj bölməsi də mövcuddur. Ümumilikdə sportkarın baqaj bölmələrinin həcmi 370 litr təşkil edir.
McLaren 570GT günəş şüalarını neytrallaşdıran təbəqə ilə örtürülmüş tündləşdirilmiş panoram tavanla da təchiz edilmişdir. Avtomobilin hərəkət hissəsi də dəyişikliklərə məruz qalmışdır. İlk növbədə sportkarın yaylarının sərtliyi öndən 15 faiz, arxada isə 10 faiz azaldılmışdır. Köndələn dayanıqlılıq stabilizatorları təkmilləşdirilmiş, eyni zamanda adaptiv amortizatorların işinə cavabdeh olan elektronikanın sazlamaları yenilənmişdir. Sportkarın asqısı əvvəlki kimi üç - Normal, Sport və Track rejimlərinə malikdir.
Elektrohidravlik sükan idarıetməsi sisteminin ötürmə nisbəti iki faiz azaldılmışdır. McLaren 570S modelinin standart təchizatına daxil olan karbon-saxsı əyləc mexanizmləri dəmir-alüminium bənzəri ilə əvəz edilmişdir. McLaren 570GT modelinin çəkisi 570S sportkarından 37 kiloqram artıqdır və onun ümumi çəkisi 1350 kiloqram təşkil edir. Bundan əlavə, sportkar səs-küy səviyyəsini azaltmağa qulluq edən təkmilləşdirilmiş Pirelli P Zero şinləri ilə təchiz edilir.
Sportkar 540C modelindən alınmış səsboğucu sistem ilə təchiz edilmişdir ki, bu da avtomobili 570S modifikasiyasından sakit edir.McLaren 570GT modelinin təhcizatına dəri ilə örtülmüş salon, sükan qolunun və oturacaqların elektriklə idarə edilməsi daxildir.
McLaren 570GT 570 at qüvvəsi və 600 Nm fırlanma anı olan 3,8-litrlik iki turboüfürməli V8 mühərriki və iki muftalı yeddi pilləli «robotla» təchiz edilir. Avtomobil 100 km/saat sürətini 3,4 saniyəyə, 200 km/saat sürətini isə 9,8 saniyəyə toplayır. Bu göstərici 570S modelində olduğundan, müvafiq olaraq 0,2 və 0,3 saniyə artıqdır. Sportkarın maksimal sürəti 328 km/saat təşkil edir.
McLaren 570GT modelinin rəsmi təqdimat mərasimi Cenevrə avtosalonunda baş tutacaqdır. Avtomobilin qiyməti 154 min funt-sterlinqdən (358 min manat) başlayacaqdır. 2017-ci ildə McLaren Sport Series ailəsinə açıq kuzovlu avtomobil də qatılacaqdır.