McLaren şirkəti dörd yerli superkar buraxa bilər. Bu barədə məlumatı Car and Driver nəşrinə müsahibəsində markanın icraçı direktoru Mayk Flyuitt vermişdir. Onun sözlərinə görə, karbondan hazırlanmış yeni monokok yeni avtomobillər seriyasına əsas olacaqdır.
Monocage II monokoku ən yeni McLaren 720S superkarı ilə birlikdə debüt etmişdir. Avstriyadakı Carbo Texh şirkəti tərəfindən istehsal edilən monokokun ilk arxitekturasından fərqli olaraq yeni monokokun istehsalı McLaren şirkətinin Böyük Britaniyadakı yeni müəssisəsi tərəfindən həyata keçiriləcəkdir. Composites Technology Center müəssisəsi eyni zamanda karbon konstruksiyaların işlənib-hazırlanmasına cavabdeh olacaqdır. Müəssisədə tam miqyaslı istehsal 2020-ci ildə başlanacaqdır.
Jurnalistlərin Monocage II barədə suallarına cavab verən Mayk Flyuitt yeni monokokun əvvəlkindən daha universal olacağını qeyd etmişdir. Onun əsasında şirkət müxtəlif ölçüləri və güc aqreqatları olan modelləri istehsal edə biləcəkdir. Flyuitt, dörd yerli avtomobilin də buraxılacağı ehtimalının olduğunu da bildirmişdir. O, əlavə 220 kiloqramlıq baqaj bölümü olan 570GT modelinin keçən ilki buraxılışını da xatırlatdi. Flyuittin sözlərinə görə, bu seqmentdə müştərilərə daha tutumlu salonu olan avtomobil təklif etmək pis olmazdı.
Müsahibəsində yüksək vəzifəli menecer gələcəkdə tamamilə elektriklə hərəkətə gələcək McLaren avtomobilinin buraxılacağında əmin olduğunu bildirmişdir. Flyuittin sözlərinə görə, belə superkarın yaradılmasında əsas problemin elektrokara 720S modelinə xas olan həyəcanlandıran «emosional xüsusiyyətlərin» verilməsidir.