Kraliça II Yelizaveta Böyük Britaniya tarixində 70 il taxtda oturan ilk monarx olub - 1953-cü il iyunun 2-də tacqoyma mərasimi keçirilmiş kraliçanın taxtdakı platin ildönümü rəsmi olaraq bu ilin 6 fevral tarixində qeyd edilib. McLaren brendi də yubileyin qeyd olunmasına öz töhfəsini verib.

Britaniya istehsalçısı McLaren Artura superkarı üçün xüsusi Platinium Jubilee boyasını və emblemini təqdim edib. Qeyd etmək gərəkdir ki, xüsusi boyanın təqdimat tarixi təsadüfən seçilməyib - düz 18 il əvvəl kraliça Surreydəki McLaren şirkətinin qlobal mənzil-qərargahına baş çəkərək, Uokinqdəki McLaren Technology Center (MTC) mərkəzini açıb.

McLaren Special Operations (MSO) bölməsinin mütəxəssisləri, avtomobil istehsalçısının boya tədarükçüsü olan AkzoNobel şirkəti ilə birlikdə kraliçanın platin yubileyinə hazırlıqlara başlayıblar.

Hər iki şirkətin mütəxəssisləri güclərini birləşdirərək mükəmməl platin boyanı hazırlayıblar. Bu rəngin istənilən işıqlandırma altında parlaq görünməsi, habelə sportkarın istismar dövrü boyunca solmayacaq qədər etibarlı olması üçün, metal piqmentin ən uyğun kombinasiyasını seçiblər.

Image alt Image alt Image alt

Səkkiz günlük sınaqlardan sonra, MSO və AkzoNobel rəsmi olaraq, McLaren avtomobillərinin alıcıları üçün bir neçə il ərzində əlçatan olacaq Platinum Jubilee rəngini yaradıblar. Yeni rəngə boyanan ilk McLaren avtomobili Artura superkarı olub.

Yeni Carbon Lightweight Architecture arxitekturasına əsaslanan və 680 at qüvvəli hibrid güc qurğusu ilə hərəkətə gələn superkar xüsusi emblemi də alıb. II Yelizavetanın taxtdakı 70 illik yubileyi şərəfinə avtomobil kapotdakı ənənəvi emblem “Elizabeth II” yazısı olan variantla əvəzlənib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.