McLaren Automotive şirkəti rəsmi olaraq özünün ən praktik modelini təqdim edib. McLaren GT qrand tureri «səyahətlərin» avtomobili hesab edilir və ümumi tutumu 570 litrə bərabər olan iki baqaj bölümünə malikdir.
McLaren GT modeli arxa yuxarı hissəsi karbondan olan MonoCell II-T monokokunun ətrafında inşa edilib. Yeni monokok arxada 420 litrlik baqaj bölümünü yaratmağa imkan verib. Superkarın mühərriki və buraxılış sistemi maksimal dərəcədə aşağıda yerləşdirib: bunun sayəsində bu bölümdə qolf çantasını və ya çəkmələrlə birlikdə iki xizəyi asanlıqla yerləşdirmək mümkündür. Bölümün qapağı yumşaq bağlanma funksiyasına malikdir və elektrik ötürməsi ilə də təchiz edilə bilər. Avtomobilin ön hissəsində tutumu 150 litr olan daha bir baqaj bölümü vardır.
Superkar şüşəli arxa dayaqlar və əlavə yan pəncələr sayəsində yaxşılaşdırılmış müşahidə bucağına malikdir. Qrand turerin salonunda xüsusi olaraq onun üçün yaradılmış, elektrik ötürməsi və qızdırılma funksiyası olan oturacaqları, yeddi düymlük ekranı olan mütərəqqi multimedia kompleksini, şəffaflığı dəyişən panoram tavanı, alüminiumdan düymə və dəstəkləri, 12 dinamiki, karbondan gövdəsi olan sabvuferi və kevlardan ortatezlikli akustikası olan Bowers&Wilkins səs sistemini görmək olar.
İnteyerin tərtibatında bir neçə dəri növündən və kəşmirdən istifadə edilir. Baqaj bölümünün üzlənməsində isə SuperFabric materialından istifadə edilir. Bu material hörmə parça ilə örtülmüş nazik zirehli lövhələrdən ibarətdir.
McLaren GT modelinin mühərriki 600LT modelinə nisbətən iki dəfə az sərtliyə malik olan dayaqlar üzərində quraşdırılıb. Bu dayaqlar səs-küyün və vibrasiyaların azalmasını təmin edirlər. McLaren GT modelinin klirensi standart olaraq 110 millimetrdir. Klirensin ən hündür vəziyyəti isə 130 millimetr ola bilər. Superkarın təchizatına hidravlik amortizatorları olan proaktiv asqı daxildir. Amortizatorlar McLaren 720S modeli üçün hazırlanmış Optimal Control Theory alqoritmi ilə işləyir. Sistem vericilərin yardımı ilə yolu təhlil edir və hər iki millisaniyədən bir dempfirləmənin xarakterini dəyişir.
Yeni qrand turer 620 at qüvvəsi və 630 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 mühərriki ilə hərəkətə gəlir. Mühərrik yeddi pilləli preselektiv SSG «robotu» ilə tandemdə çalışır. McLaren GT 100 km/saat həddinə 3,2, 200 km/saat həddinə isə 9,0 saniyəyə sürətlənir. Avtomobilin maksimal sürəti 326 km/saatdır. Dolu yanacaq çəni ilə GT NEDC dövrü üzrə 666 kilometr qət edir.