Bruce McLaren-in 1969-cu ildə yarımçıq qalan minik avtomobili ideyası müasir karbon konstruksiyası, V8 mühərriki və mexaniki ötürmələr qutusu ilə yenidən həyata qayıdır.
McLaren yeni McL 6GT modelini təqdim etməklə öz tarixinin ən maraqlı səhifələrindən birinə qayıdır. 2026-cı il Monterey Car Week çərçivəsində nümayiş etdirilən yeni superkar 1969-cu ildə şirkətin qurucusu Bruce McLaren tərəfindən yaradılmış M6GT modelindən ilhamlanır. Qarşıdakı model yalnız keçmişə hörmət nümunəsi deyil — McLaren-in sürücü ilə avtomobil arasındakı mexaniki əlaqəni yenidən ön plana çıxarmaq cəhdidir.
Bruce McLaren M6GT-ni özünün ilk yol avtomobili layihəsi kimi görürdü. Can-Am yarış avtomobillərindən ilhamlanan bu modelin məqsədi yarış texnologiyasını gündəlik istifadə üçün nəzərdə tutulan yüngül və sürətli avtomobildə birləşdirmək idi.
1969-cu ildə hazırlanan M6GT Bruce McLaren-in şəxsi avtomobilinə çevrildi və onun iri miqyaslı istehsalı planlaşdırılırdı. Lakin 1970-ci ildə baş verən faciəli qəza bu layihəni yarımçıq qoydu. McLaren indi həmin ideyanı altmış ildən sonra yenidən həyata keçirir.
Yeni McL 6GT sadəcə öz sələfinin formasını təkrarlamır. Onun çox alçaq və geniş silueti 1960-cı illərin yarış avtomobillərini xatırladır. Alçaq burun, geniş və axıcı kuzov səthi, salonu kuzovun içində göstərən dam xətti və Kammback tipli arxa hissə orijinal M6GT-nin ideyasını müasir formada davam etdirir.
Arxa fənərlərin “Racing Loop” dizaynı da tarixi avtomobilə birbaşa istinaddır. Yeni avtomobilin təqdimatı zamanı o, Bruce McLaren-in orijinal M6GT-si və 1968-ci ilə aid layihə çertyojları ilə birlikdə nümayiş etdirilib.
Lakin McL 6GT-nin əsas yeniliyi onun dizaynından daha çox texniki fəlsəfəsindədir. McLaren müasir superkarların demək olar ki, tamamilə avtomatlaşdırıldığı bir dünyada üç pedallı sxemə və mexaniki transmissiyaya qayıdır.
Yeni superkar şirkətin 1992-ci ildə buraxılmışəfsanəvi McLaren F1-dən bəri ilk mexaniki ötürmələr qutusu ilə təchiz edilən yol avtomobili olacaq. Üstəlik, güc arxa təkərlərə ötürüləcək.
McLaren hələlik mühərrikin tam texniki göstəricilərini açıqlamayıb. Məlum olan əsas məlumat superkarın V8 mühərriki ilə hərəkətə gələcəyidir. GT-nin əsasını karbon monokok təşkil edir. Kuzov panelləri də kompozitdən hazırlanır. Beləliklə, McL 6GT markanın ənənəvi yüngül konstruksiya fəlsəfəsini qoruyur.
Avtomobilin mexaniki xarakteri yalnız ötürmələr qutusu ilə məhdudlaşmır. Hidravlik sükan, fiziki idarəetmə elementləri və alüminium düymələr sürücünün avtomobillə birbaşa əlaqəsini gücləndirmək üçün nəzərdə tutulub. Transmissiyanın xüsusi hazırlanmış dəstəyi isə ayrıca dizayn elementidir. Onun açıqda görünən titan mexanizmi mexanikanı gizlətmək əvəzinə nümayiş etdirir və üzərində McLaren-in tarixi Speedy Kiwisimvolu yerləşdirilib.
İnteryerdə də eyni yanaşma davam edir. Açıq karbon, müasir rəqəmsal cihazlar və yenidən işlənmiş naxışlı üzlüklər klassik McLaren ruhunu müasir texnologiya ilə birləşdirir. Burada məqsəd retro interyer yaratmaq deyil, keçmişin hissini müasir materiallarla yenidən qurmaqdır.
McLaren-in bu layihədə əsas diqqəti rekord göstəricilərə yönəltməməsi də maraqlıdır. Şirkət hələlik güc, çəki, 0–100 km/saat sürətlənmə və maksimal sürət kimi rəqəmləri açıqlamır. Bunun əvəzinə McL 6GT-nin fəlsəfəsini “tactile, analogue and deeply mechanical”— yəni toxunaraq hiss edilən, analoq və mexaniki sürücülük təcrübəsi kimi təqdim edir.
Bu yanaşma müasir superkar dünyasında xüsusilə diqqətçəkəndir. Elektron idarəetmə sistemlərinin, avtomatlaşdırılmış transmissiyaların və rəqəmsal interfeyslərin sürətlə artdığı bir dövrdə McLaren əks istiqamətdə addım atır: bir mufta pedalı, mexaniki transmissiyanın dəstəyi və hidravlik sükan vasitəsilə sürücünü avtomobilin mexanikasına yenidən yaxınlaşdırır.
McL6GT-nin seriya versiyasının 2028-ci ildə istehsala başlanması planlaşdırılır və McLaren təxminən 500 avtomobildən ibarət olacaq məhdud tirajlı istehsal ınəzərdə tutur. Model şirkətin əsas məhsul xəttindən kənarda mövqeləndirilən yeni, daha eksklüziv superkar istiqamətinin başlanğıcı olacaq.
AUTOGRAPH NOTE
McL 6GT-nin əsl əhəmiyyəti isə onun neçə at gücünə malik olacağından daha böyükdür. Bu avtomobil Bruce McLaren-in 1969-cu ildə başladığı, lakin tamamlaya bilmədiyi yol avtomobili xəyalını altmış ildən sonra yenidən həyata keçirir.
1969-cu ildə bu, yarış avtomobilinin yola çıxması Bruce McLaren-in arzusu idi. 2026-cı ildə isə həmin arzu karbon kuzov, V8 və mexaniki ötürmələr qutusu ilə geri qayıdır. McL 6GT sadəcə yeni McLaren deyil. O, yarım əsrdən çox əvvəl yarımçıq qalan bir hekayənin davamıdır.









