McLaren Automotive şirkəti 800 at qüvvəli yeni ekstremal superkarı təqdim edib. Üçqat dünya çempionu əfsanəvi Ayrton Sennanın adını almış McLaren Senna modeli ortamühərrikli quruluşa malikdir. Xatırladaq ki, “sehrbaz” ləqəbini daşıyan braziliyalı McLaren komandasının tərkibində 1988, 1990 və 1991-ci illərdə üç dəfə çempion titulunu qazanmışdır.
İstehsalçı yeni superkarı ümumi istifadə yollarda istismarına icazə verilən trek avtomobili kimi səciyyələndirib.
Arxaçəkişli avtomobil McLaren 720S superkarının təkmilləşdirilmiş karbon şassisində inşa edilibdir. Superkarın kuzov panelləri də karbonplastikdən hazırlanıbdır. Məsələn, superkarın ön qanadının çəkisi 620 qramdır. McLaren 720S modelindəki bu elementin alüminiumdan olan analoqu isə 2,2 kiloqram çəkiyə malikdir. McLaren Senna superkarının çəkisi 1198 kiloqram təşkil edir ki, bu da gücün çəkiyə olan nisbətinin bir tona 668 at qüvvəsi olduğundan xəbər verir. Bu superkar, istehsalçının tarixi boyu buraxdığı ən yüngül avtomobildir. Superkar aktiv hidravlik asqı sisteminə, aktiv köndələn dayanıqlılıq stabilizatorlara və aktiv aerodinamikaya sahibdir.
Trek rejimində hidravlik asqı avtomobilin klirensini 50 millimetr azaltmağa imkan verir ki, bu da yerəbasma gücünü 40% artırmağa xidmət edir.
McLaren Senna modelinin ön tərəfində baqaj bölümü yoxdur – orada, ön fənərlərin arxasında transmissiyanın radiatorları yerləşdirilib.
Avtomobilin fənərlərinin yanında isə bu radiatorların soyudulmasını təmin edəcək, elektronika ilə idarələnən aktiv çəpərçiklər yerləşdirilib. Superkarın oturacaqlarının arxasında iki dəbliqənin yerləşdirilməsi üçün xüsusi bölüm də nəzərdə tutulubdur. Avtomobil, həmçinin bütov karbonplastik parçasından hazırlanmış ikiqat arxa diffuzoru və iri arxa antiqanadı əldə edib. Antiqanadın yer səthindən olan ən yüksək nöqtəsi 1219 millimetr hündürlükdədir. Onun ümumi sahəsi isə 6500 kvadrat santimetrdir. Antiqanad avtomatik olaraq hücum bucağını dəyişə və aerodinamik əyləc kimi işləyə bilər.
Bundan başqa, superkar inkonel və titandan hazırlanmış buraxılış sistemini, karbon-saxsı əyləc mexanizmlərini və xüsusi olaraq bu model üçün hazırlanmış Pirelli P Zero Trofeo R şinlərini əldə edib.
Superkar 800 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı 7-pilləli iki miftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Avtomobilin dinamik xarakteristikaları istehsalçı tərəfində gələn ilin yanvar ayında açıqlanacaqdır.
Cəmi 500 ədəd McLaren Senna superkarı buraxılacaqdır. Hər bir nüsxə 750 min funt-sterlinqə satılacaqdır. Bir müddət sonra, avtomobilin “bərkgedən” və yüngül modifikasiyası təqdim ediləcəkdir. Sonuncu avtomobildən yalnız trekdə istifadə etmək mümkün olacaqdır.