McLaren Automotive şirkəti əfsanəvi F1 superkarının xələfini hazırladığı barədə məlumatı təsdiqləmişdir. Bununla bərabər, Britaniyalı istehsalçı yeni hiperkarın tizerini də dərc etmişdir. Yeni avtomobildən cəmi 106 ədəd buraxılacağı da bildirilmişdir. Sifarişçilər avtomobillərini 2019-cu ildə alacaqdırlar.Yeni avtomobil BP23 (Bespoke Project 23) adlanır ki, sonuncu rəqəm hiperkarın daxili quruluşundan xəbər verir. Bildiyimiz kimi, McLaren F1 modeli üç yerli salona malik idi. Bu o deməkdir ki, yeni hiperkar da üç yerli olacaqdır.
İstehsalçı yeni avtomobilin «dünyada ilk hiper-qran-turizmo» və «ən incə və dəbdədbəli McLaren», həmçinin markanın tarixində buraxılan ən güclü sportkar olacağını bildirmişdir. Superkarın hazırlanması və istehsalı ilə Britaniya markasının McLaren Special Operations bölməsi məşğul olacaqdır. Superkar hibrid güc aqreqatı ilə hərəkətə gələcəkdir. Bununla belə, güc aqreqatının texniki xüsusiyyətləri barədə məlumat verilməmişdir. Məlum olan, superkarın sıfırdan yaradılacağıdır. Qeyri rəsmi məlumatlara görə, yeni superkar P1 modelinin karbon monokokunun təkmilləşdirilmiş variantının ətrafında yığılacaqdır. Artıq qeyd etdiyimiz kimi, yeni superkarın istehsal sayı F1 modelinin buraxılış sayını təkrar edəcəkdir.
Eyni zamanda, yeni avtomobil F1 modelinin bir sıra dizayn elementlərini irsən alacaqdır. Bunlara yuxarı açılan qapılar və damda olan hava girişi də daxildir. Qeyd etmək lazımdır ki, artıq BP23 modeli üçün 106 sifariş qəbul olunmuşdur. Superkarın qiyməti və təqdimat tarixi hələlik açıqlanmamışdır.