2024-cü ilin Formula 1 çempionatı gözlənilən şəkildə başa çatıb: Oracle Red Bull Racing komandasının lideri Maks Verstappen ardıcıl dördüncü dəfə dünya çempionu titulunu qazanıb. Lakin Konstruktorlar Kubokunun qalibi İngiltərənin McLaren komandası olub - ingilislər bu titulu 9-cu dəfə əldə ediblər və bu göstəriciyə görə, yalnız 16 titula sahib olan Scuderia Ferrari komandasından geri qalırlar. Amma ən vacibi odur ki, bu, McLaren komandasının son 26 ildə qazandığı ilk Konstruktorlar Kubokudur, çünki əvvəlki titul 1998-ci ildə əldə olunub.

Bu əlamətdar hadisəni qeyd etmək məqsədilə, McLaren yol avtomobilləri üçün xüsusi MCL38 bayram nəşri hazırlanıb. Məlum məsələdir ki, xüsusi seriya ingilis komandasına çoxdan gözlənilən qələbəni gətirən 2024-cü ilin McLaren bolidinin şərəfinə adlandırılıb. Məhz McLaren MCL38 bolidinin sükanı arxasında ingilis Lando Norris və avstraliyalı Oskar Piastri pilotlar çempionatında müvafiq olaraq, ikinci və dördüncü yerləri tutublar və bununla da komandaları üçün 666 xal toplayıblar.

Xüsusi MCL38 nəşri  iki superkar üçün hazırlanıb: McLaren Artura hibridi və sirf benzin mühərriki ilə hərəkətə gələn McLaren 750S. Onların yarış komandasının narıncı və antrasit firma rənglərini birləşdirən livreyası McLaren Special Operations bölməsi tərəfindən hazırlanıb. Əyləc mexanizmləri də narıncı Papaya rənginə boyanıblar. Yan tərəflərdə ulduzlardan ibarət olan 9 rəqəmi həkk olunub – məlum məsələdir ki, bu qazanılmış konstruktor titullarının sayına işarədir.

Superkarların interyeri zavod pilotlarının imzaları olan karbonplastikdən kandar lövhələri ilə bəzədiləcək, oturacaq başlıqlarında isə, çempion dəfnə çələngləri tikiləcək. Bundan əlavə, xüsusi versiyalar əsl McLaren MCL38 yarış bolidinin kuzovunun fraqmentlərindən hazırlanmış karbonplastikdən xatirə lövhəsini alacaqlar. Ön baqajda 2024-cü il mövsümündə əldə edilmiş bütün poulların, qazanılmış yarışların və trek rekordlarının həkk olunduğu başqa bir lövhə quraşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bayram MCL38 Celebration Edition tərtibatında olan cəmi 18 superkar istehsal olunacaq - doqquz Artura və doqquz 750S. Xüsusi nəşrdən olan superkarların qiyməti açıqlanmayıb və çox güman ki, onların hamısı artıq məşhur yarış komandasının varlı azarkeşləri tərəfindən alınıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.