McLaren Automotive şirkətinin yeni superhibrid hazırladığı hər kəsə məlumdur. Keçən həftə işinə başlayan 88-ci beynəlxalq Cenevrə avtosalonunda ingilis istehsalçısı Hyper-GT adlandırdığı avtomobil barədə müəyyən məlumat verib.
Zavoddaxili BP23 şifrəsinə malik olan sportkar markanın ən sürətli modeli olacaqdır. Onun maksimal sürəti 391 km/saat təşkil etməlidir. Yeni superhibrid McLaren şirkətinin ən yüksək Ultimate Series model xəttinə daxil olacaqdır. Xatırladaq ki, P1 hibridi və Senna superkarı bu ailəyə mənsubdurlar.
Yeni hiperkar üç yerli salona və 1000 at qüvvəsinin üzərində gücü olan hibrid qurğuya malik olacaqdır. Britaniyalıların fikrincə, McLaren Hyper-GT markanın ən ekstremal və eyni zamanda ən dəbdəbəli avtomobili olmalıdır. Hiperkarın istehsalına gələn ilin sonunda başlanacaqdır.
Hər bir avtomobil McLaren Special Operations (MSO) bölümü tərəfindən müştərinin tələb və arzusuna uyğun olaraq hazırlanacaqdır. Superhibridin kütləvi təqdimatı 2018-ci ilin sonunda keçiriləcəkdir. Cəmi 106 avtomobil buraxılacaqdır.
Onların hər birinin qiyməti 1,6 milyon funt-sterlinq təşkil edəcəkdir.