McLaren şirkəti Speedtail superhibridinin növbəti tizerini dərc edərək təqdimat tarixini açıqlayıb. Hyper-GT sinfində ilk McLaren avtomobili olacaq Speedtail hiperkarı 26 oktyabr tarixində keçiriləcək xüsusi tədbirdə debüt edəcəkdir.
McLaren şirkətinin tarixində olan ən yeyin model Speedtail 1000 at qüvvəsi hasil edən hibrid güc qurğusuna sahib olacaqdır. Qurğunun əsasını McLaren 570S GT4 yarış avtomobilində istifadə edilən iki turbokompressorlu V8 mühərriki təşkil edəcəkdir.
McLaren Speedtail əfsanəvi F1 superkarının ideoloji davamçısı kimi tanınır. Speedtail Ultimate Series ailəsinin bir hissəsi olacaqdır. Bu ailəyə P1 superhibridi və Senna hiperkarı daxildir. Speedtail 1+2 oturacaq formulu, tamamilə karbondan hazırlanmış kuzov və unikal aerodinamika ilə seçiləcəkdir. İlkin məlumata görə, McLaren Speedtail 391 km/saat həddinə qədər sürətlənəcəkdir. Eyni zamanda, McLaren şirkətinin modelin iki modifikasiyasını sınaqdan çıxardığı barədə də məlumat vardır.
Prototiplərdən biri arxadan çəkişli, digəri isə tam çəkiş sisteminə malikdir. İnsayderlər 100 km/saat həddinə sürətlənmədə tam çəkişli modelin Bugatti Chiron modelindən 0,5, Senna hiperkarından isə 0,8 saniyə yeyin olduğunu bildirirlər. McLaren Speedtail hiperkarı 106 nüsxəlik tirajla buraxılacaqdır. Onların hər birinin minimum qiyməti 1,4 milyon funt-sterlinq olacaqdır.
Mənbə: Carscoops