McLaren Special Operations (MSO) bölümü yeni layihə üzərində işlərə başlayıbdır. Şirkət daxilindəki mənbələr, BC-03 zavoddaxili indeksinə sahib olan hiperkarın keçən il nümayiş etdirilmiş Ultimate Vision Gran Turismo virtual hiperkarının seriya təzahürü olacağını bildiriblər.
TheSupercarBlog saytının məlumatında virtual avtomobilin reala çevrilməsini ideyasının müəllifi McLaren markasının nüfuzlu müştərilərindən biridir. Layihənin adındakı BC (Bespoke Commission) hərfləri məhz buna işarə edirlər. Bununla belə, hiperkarın tirajı bir nüsxə ilə məhdudlaşmayacaqdır. Uokinqdə beş belə avtomobil buraxmağı planlaşdırırlar. Şayiələrə görə, onlardan hər birinin satış qiyməti üç milyon dollar təşkil edəcəkdir.
Xatırladaq ki, McLaren Ultimate Vision Gran Turismo keçən ilin sentyabrında debüt edib. Müəlliflərinin fikrinə görə, karbon şassinin əsasında inşs edilən virtual hiperkar tərkibinə 4,0-litrlik səkkiz silindrli biturbomühərrik və iki elektromotorun daxil olduğu hibrid güc qurğusu ilə hərəkətə gəlir. Hibrid qurğunun ümumi hasilatı 1150 at qüvvəsi və 1275 Nm fırlanma anıdır.
Tam çəkişli hiperkar Integrated Active Aero aktiv aerodinamika sistemi ilə təchiz edilir. Bu, kuzovun müxtəlif yerlərində yerləşdirilmiş və elektronika ilə idarə edilən qapaqlara malik olan hava girişlrəi sistemidir. Onların köməyi ilə hava axınlarının istiqamətini dəyişmək və ayrı-ayrı elementlərə olan təzyiqi paylamaq mümkündür. Buna bənzər sistemi Aerodinamica Lamborghini Attiva (ALA) kompleksi ilə təchiz edilmiş Lamborghini superkarlarında görmək olar.