McLaren Automotive şirkəti 200 km/saat həddinə yeddi saniyədən az müddətə sürətlənən və Ultimate Series seriyasından olan Elva spidsterini təqdim edib. Yeni model keçən əsrin 60-cı illərində buraxılmış McLaren-Elva M1A spidsterinin şərəfinə adlandırılıb. Yeni spidster də əcdadı kimi tamölçülü şüşələnmədən məhrumdur.
McLaren nümayəndələri şüşələnmədən imtinanın sərnişinlərə rahatsızlıq verməyəcəyini bildiriblər. Superkarın xüsusi olaraq hesablanmış aerodinamikasi sayəsində salonda “hava qovuğu” əmələ gəlir. Buna avtomobilin kapotundakı havalandırma dəlikləri, ön qanaddakı hava yönləndiriciləri və aktiv deflektorlar sayəsində nail olunub. Buna baxmayaraq, “soyuqlamaqdan” qorxan sifarişçilər Elva modelini alın şüşəsi ilə təchiz edə bilərlər. Məlum məsələdir ki, əlavə ödəniş etmək şərtilə.
Üstəlik, McLaren Elva 8-düymlük sensorlu ekranı olan məlumat-əyləncə kompleksi ilə təchiz edilir. Bundan başqa, kuzovun arxa hissəsində iki dəbilqənin saxlanması üçün xüsusi bölmə də nəzərdə tutulub.
McLaren Elva modeli 815 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 turbomühərriki və 7-pilləli “robot” ilə təchiz edilir. Spidster 100 km/saat həddinə üç saniyədən az müddətə sürətlənir. 200 km/saat həddini toplamaq üçün Elva modelinə 6,7 saniyə tələb olunur.
McLaren Elva spidsteri 399 nüsxəlik məhdud saylı tirajla istehsal ediləcəkdir. Spidsterin satış qiyməti 1.425.000 funt sterlinq təşkil edir. Modelin müştərilərə çatdırılmasına gələn ilin sonunda başlanacaqdır.