Britaniyanın McMurtry Automotive firması qudvud Sürət Festivalı çərçivəsində keçirilən Goodwood Hill Climb yarışmasında yeni rekorda imza atıb. Onun hazırladığı Spéirling elektromobili Volkswagen ID R idman prototipindən demək olar ki, bir saniyə daha sürətli olub. Yarışa hazırlaşan McMurtry firması bolidi ciddi şəkildə yenidən nəzərdən keçirib. Məsələn, aktiv qraund-effekt sistemi təkmilləşdirilib və indi elektromobil iki tona bərabər sabit yerəbasma qüvvəsi yaratmağa qadirdir. Maraqlıdır ki, belə texnologiyaya malik olan avtomobil sonuncu dəfə 44 il əvvəl yarışıb.
Qudvud rekordlarının xronologiyası belədir: 1999-cu ildə alman pilot Nik Haydfeld Britaniyanın Ilmor firmasının V10 mühərriki ilə təchiz edilmiş McLaren-Mercedes MP4/13 bolidi ilə 1,86 kilometrlik məsafəni 0:41,60 saniyəyə qət edib. Bu nailiyyəti yeniləmək cəhdləri dəfələrlə edilsə də, lakin yalnız 20 il sonra Haydfeldi üstələmək mümkün olub. Bunu Volkswagen ID.R elektrik idman prototipini idarə edən fransız pilot Romen Düma edib.
Qudvud üçün avtomobilin kompakt akkumulyatoru və enerji idarəetmə sisteminin xüsusi sazlamaları olan sprint versiyasını hazırlayıblar. Həmçinin, elektromobilin aerodinamikasına yenidən baxılıb və Bridgestone onun üçün Potenza sliklərinin xüsusi yumşaq versiyasını hazırlayıb. ID.R prototipinin çəkisi bir tonu keçməyib, elektrik güc qurğusunun hasilatı isə, 680 at qüvvəsi təşkil edib. Bütün bunlar prototipə trası 0:39,90, yəni McLaren-Mercedes avtomobilindən 1,7 saniyə tez qət etməyə imkan verib.
Dünən isə, Britaniyanın McMurtry Automotive firması yeni rekorda imza atıb. Onun aktiv qraund-effekt sisteminə malik olan Spéirling elektromobili trası 0:39,08 saniyəyə keçib. Avtomobilin bir ton çəkiyə düşən gücü 1000 at qüvvəsindən artıqdır - yəni, bu göstəriciyə görə elektromobil Czinger 21C və Koenigsegg Regera hiperkarlarına daha yaxındır. O, 60 kilovat-saat tutumu olan 800 voltluq batareya, iki elektrik mühərriki ilə təchiz edilib və ilk “yüzlüyə” 1,5 saniyəyə sürətlənməyə qadirdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.