Bu həftəsonu Meksikada keçirilən təsnifat mərhələsində poul-pozisiyanı Ferrari pilotu Sebastyan Fettel əldə edib.
Təsnifat mərhələsinə qatılmayan yeganə pilot Toro Rosso komandasının üzvü Pyer Qasli olub. Komandanın mexanikləri üçüncü sərbəst yürüşlərdə iflas edən Renault mühərrikini vaxtında dəyişməyə imkan tapmayıblar. Beləliklə, Pyer Qasli bazar günki yarışı son sıradan başlayacaqdır.
İlk seqmentdə təsnifat sesssiyasını tərk edən pilotlar Markus Eriksson, Paskal Verlyayn, Kevin Maqnussen və Romen Qrojan olublar. Qeyd etmək lazımdır ki, birinci seqmentdə Fernando Alonso əla çıxış edib. İspan pilot beşinci nəticəyə imza ataraq, seqmentin lideri Həmiltona 0,2 saniyə uduzub.
Mercedes və Ferrari pilotları ikinci seqmentdə yaxşı nəticələr göstəriblər. Həmilton və Fettel demək olar ki, seqmentin başlanğıcında oxşar zamanlara imza atıblar. Lakin, onların birincilik uğrunda mübarizəsinə Maks Ferstappen 1.16,524 zamanla son verib. İkinci seqmentdə ələnən pilotlar Felipe Massa, Lens Stroll, Alonso və Vandorn olublar.
Brendon Hartli də komanda yoldaşı kimi mühərrik problemi yaşayaraq mübarizəni dayandırmalı olub. Qeyd etmək lazımdır ki, McLaren Honda pilotları ikinci seqmentdə iştirak etməyiblər - mühərrik elementlərinin dəyişdirilməsi ucbatından cəza alaraq son sıralara düşən Fernando Alonso və Stoffel Vandorn mühərrik və şinlərə qənaət etmək qərarına gəliblər.
Üçüncü seqmentdə Ferstappen ilk cəhdində poula iddialı olduğunu bildirib - 1.16,574. Fettel Maksdan 0,259 saniyə, Həmilton isə 0,360 saniyə geridə qalıblar. İkinci cəhddə Fettel bütün sektorlarda ən sürətli zamanlara imza ataraq fenomenal dövrə vurub və 1.16,488 zamana imza atıb.
Bu, eyni zamanda, Rodriges qardaşları adına avtodromun yeni rekordudur. Digər pilotlar cəhd etsələr də, onun zamanını keçməyə müvəffəq olmayıblar. Bu gün keçiriləcək yarışda Fettel ilə birlikdə ilk sıradan Maks Ferstappen start alacaqdır. İkinci sıra isə tamamilə Mercedes pilotlarından ibarətdir: Həmilton - üçüncü, Bottas isə dördüncü yerdən yarışı başlayacaqdır.
Üçüncü sıradan yarışı başlayan pilotlar Kimi Raykkonen və Esteban Okon olacaq. Daniel Rikkardo isə komanda yoldaşına nisbətən uğursuz çıxış edib və yeddinci nəticəni göstərə bilib. İlk onluğu Niko Hülkenberq, Karlos Sayns və yerli azarkeşlərin kumiri Serxio Peres tamamlayıb.