Mazda3 modelinin top versiyasının dünyəvi təqdimatı 8 iyul tarixinə planlaşdırılıb, lakin şirkətin Meksika bölməsi bu planı alt-üst edən hərəkətə yol verib. Meksikalılar təqdimatı gözləmədən avtomobil haqqında əsas məlumatların açıqlandığı videoçarxı yayıblar.
Təəssüflər olsun ki, gözlənildiyi kimi, yeni Mazda3 Turbo modeli 2006 - 2013-cü illər arasında istehsal olunan “qaynar” Mazda 3 MPS hetçbekinin ideoloji varisi deyil. “Qaynar” model 260 at qüvvəsi və 380 Nm fırlanma anı hasil edən 2,3-litrlik turbomühərrikə, alternativsiz mexaniki transmissiyaya, ön ötürməyə və aqressiv görünüşə sahib idi. Yeni top versiya isə tamamilə fərqlidir.
Zahiri cəhətdən hetçbek kiçik həcmli mühərrikləri olan bahalı modifikasiyalardan demək olar ki, fərqlənmir. Belə modifikasiya qara rəngli 18-düymlük təkər diskləri və güzgü gövdələri, həmçinin qara dekoru ilə seçilir. Asqıdakı dəyişikliklər barədə heç bir məlumat verilməyib. Güc qurğusu isə, Mazda 6, CX-5 və ya CX-9 modellərində quraşdırılan aqreqatla eynidır.
Dördsilindrli Skyactiv-G 2.5T turbomühərriki 230 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edir. Güc qurğusu 6-pilləli avtomatik transmissiya və arxa oxda muftası olan tam ötürmə sistemi ilə birlikdə çalışır: Amerikada eyni ötürmə Mazda3 modelinin bir qədər zəif versiyaları üçün də təklif olunur. “Turbohetçbekin” dinamik xüsusiyyətləri hələlik açıqlanmayıb. Çox güman ki, ətraflı məlumat rəsmi təqdimat zamanı səsləndiriləcəkdir.
Turbomühərrikə malik olan hetçbekləri Meksikada iki zəngin təchizat səviyyəsində - Grand Touring və Signature (dəri interyer ilə) versiyalarında satacaqdırlar. Qiymətlər, müvafiq olaraq, 490 və 530 min peso (22 və 24 min dollar) təşkil edir. Sonradan turbomühərriki Mazda 3 sedan da alacaqdır.