Avtomobillər üçün dayanacaqların bahalı olduğu şəhərlərdə ən çox istifadə olunan nəqliyyat vasitəsi metrodur. Metronun da o qədər ucuz olmadığını (bir giriş 2.75 ABŞ dolları) nəzərə alsaq, daha asan və rahat nəqliyyat vasitələrindən biri də elektrik skuterləridir.
Hazırda ABŞ və Avropada elektrik skuterləri çox populyardırlar. İlin əvvəlində Avropaya səyahətim zamanı Budapeşt, Praqa və Parisdə Lime şirkətinin skutelərindən istifadə etmişdim və bu haqda video da hazırlamışdım. Budapeştdə əhali arasında skuterlərə özəlliklə çox böyük maraq olduğunu gördüm.
Nyu Yorkda isə skutelər daha çox dəbdir. Həftə sonu bütün ailə üzvüləri skuterlərlə gəzintiyə çıxırlar. Hətta, məhşur adamlar onları xususi sifarişlə əldə edirlər. Hal-hazırda bu sahədə çoxlu təkliflər var. Amma, premium İnokim elektrik skuterləri bu bazarda xüsusi yer tutur. Onlara skuterlərin “Lamborginisi” deyirlər.
İnokim skuterlərində Peris Hilton, Dəvid Muqrabi, Kasienistat, Şaki Onil kimi məhşurlar istifadə edir. Bəs onların nə özəlliyi var ki, bu qədər diqqət çəkirlər?
İnokim elektrik skuterləri İsrail şirkəti tərəfindən, öz texnologiyaları əsasında layihələndirilib. İstehsalı isə Çində həyata keçirilir. Bu gün daha sərfəli qiymətlər və daha keyfiyyətli mal təklif etmək istəyən şirkətlər Çinin yüksək texnologiyalı istehsalçılarına müraciət edirlər.
İnokim OXO bayraqdar modelidir və istehsalçının model xəttində olan ən sürətli və ən bahalı skuterdir. 2.800 ABŞ dolları ətrafında qiymətə malik olan tam çəkişli, öndə və arxada yerləşən iki elektrik mühərrikinin ümumi maksimal hasilatı 2600W-dır. Skuter hidravlik disk tormozları, yolsuzluq şəraiti üçün xususi asqılar, amartizatorlar, LED fənərləri ilə təchiz edilir.
60V 25,6Ah həcmli batareya 7 saat ərzində ondan istifadə etmək imkanı verir. Eco rejimində 96 km, turbo rejimində isə 56 km yol qət etmək mümküdür. Batareyanın tam doldurma müddəti 13 saatdır.
Skuter maksimal sürət həddi 64 km/saatda (40 MPH) məhdudlaşdırılıb. Amma proqam təminatında dəyişiklik edərək maksimal sürəti 82 km/saata qədər artırmaq mümkündür.
Skuterin ölçüləri 122x59x130 sm (yığılmış halda 122x59x54 sm), çəkisi isə 33.5 kq-dır. Bu ölçülərə görə, skuterin çəkisi elə də çox deyil, çünki o aviasiyada istifadə onunan alüminiumdan istehsal edilmişdir.
Skuterin yük götürmə qabiliyyəti 158 kq-dır. Orta çəkili 2 nəfər onun üzərində hərəkət edə bilər.
Sükanın sağ tərəfindəki LCD displeydə sürət, məsafə, batareyanın tutumu, sürət rejimi, kruiz-kontrolun göstəriciləri əks olunur. Displey avtomatik olaraq gündüz və gecə rejiminə keçir. Skuterin üzərində olan LED fənərlər də avtomatik olaraq işə düşür.
Skuterin klirensini mexaniki olaraq dəyişdirmək mümkündür. Klirensi yolsuzluq üçün artırmaq olar. Bu, xüsusi aksessuar vasitəsi ilə həyata keçirilir, yolsuzluqda hərəkət etməyi, yaxud hündür maneələri (trotuar yaxud təpələri) keçməyi daha asan və rahat edir. Yan tərəfindəki dayağı skuteri saxlayarkən açmaq mümkündür. Hündür versiyada dayaq bucağı çoxalır və skuterin yıxılacağı hissiyatı yaranır. Standart dayağın uzadılması mümkün olmadığı üçün bununla barışmaq lazım gəlir, amma son aylarda istehsal olunan modellərdə bu problem həll olunub və hündürlük üzrə tənzimlənən dayaq quraşdırılıb.
Sükanın hər iki tərəfində velosiped kimi iki əyləc dəstəyi var. Sağdakı arxa, soldakı ön təkərin əyləcidir. Velosipeddə və motosikletdə olduğu kimi ön əyləclər gündəlik istifadə üçün yetərlidir. Yüksək sürətdə əyləcləmə zamanı əyləc yolunun qısa olması üçün, hər iki əyləcdən istifadə etmək məsləhətdir.
Bir qədər ucuz versiya olan İnkom OX modeli yalnız arxada yerləşən 1000W mühərrik, arxa təkərdəki disk əyləci ilə təhciz olunur. Belə modelin qiyməti 2.100 ABŞ dolları təşkil edir. Maksimal sürət həddi 45 km/saatdır.
Hər iki skuteri bir müddət Nyu Yorkda həm şəhərdə, həm dənizkənarı parkda, həm də Mərkəzi Parkda idarə etdim. İdarəsi rahatdır, sürətlənməsi çox yeyindir. Əyləclər sürəti qısa zamanda azaldır. Uzun müddətli idarəetmədən yorulmursan. Həm də, Nyu York küçələrində velosiped yolları olduğu üçün onlardan istifadə edərək təhlükəsiz hərəkət etmək mümkündür.
Nyu Yorkun Mərkəzi Parkı o qədər böyükdür ki, oradakı xüsusi yollarıla da rahat hərəkət etmək mümkündür. Amma piyadaların və velosipedçilərin sayının çox olması skuteri yüksək sürətlə idarə etməyə imkan vermir.
Bir neçə günlük istifadədən sonra deyə bilərəm ki, elektrik skuterləri meqapolislər üçün alternativ nəqliyyat vasitəsidir.