Mercedes-AMG bölməsi güc aqreqatlarının elektrikləşdirilməsi strategiyasını təqdim edib. Bu strategiyada iki əsas istiqamət xüsusi ilə qeyd olunur: EVA (Electric Vehicle Architecture) arxitekturasına əsaslanan yüksək məhsuldarlıqlı E Performance hibridlərinin və elektrik modellərinin AMG versiyasının yaradılması. Yeni strategiyaya uyğun olaraq hazırlanmış ilk avtomobil 800 at qüvvəli Mercedes-AMG GT 73 liftbeki olacaqdır.
İlin sonuna qədər Mercedes-AMG bölməsi modul konstruksiyalı benzin-elektrik güc qurğusunu alan GT 73 hibridini təqdim edəcəkdir. Liftbek öndə startyor-generatoru və AMG Speedshift MCT-9G “avtomatı” ilə tamamlanmış 4,0-litrlik V8 (M 177) biturbomühərriki, habelə arxa oxdakı elektrik mühərriki ilə təchiz ediləcəkdir.
AMG bölməsinin məhsulu olan Electric Drive Unit (EDU) elektrik ötürməsi və 6.1 kilovat-saatlıq batareya avtomobilin idarəetmə keyfiyyətinə müsbət təsir göstərir, eyni zamanda, çəkinin oxlar arasında paylanmasını yaxşılaşdırır.
EDU qurğusunun korpusunda daimi maqnitləri olan sinxron elektrik mühərriki (204 at qüvvəsi və 320 Nm), iki pilləli ötürmələr qutusu və elektronika tərəfindən idarə olunan differensial yerləşdirilib. Eyni zamanda, qurğu dartma qüvvəsini arxa təkərlər arasında çevik şəkildə paylaya və qısa müddət ərzində ön oxa ötürə bilir.
Bunun üçün, kardan valı və yarımoxlar vasitəsi ilə təkərlərlə mexaniki əlaqəsi olan AMG Performance 4Matic + tam ötürmə sistemi qorunub saxlanılıb. 816 at qüvvəsi və 1000 Nm-lik ümumi hasilat hələlik "texniki cəhətdən mümkün" hesab edilir. 100 km/saat həddinə üç saniyədən az müddətə sürətlənmə də…
Mercedes-AMG E Performance hibridlərinin güc qurğusu altı rejimdən birində - liftbekin 130 km/saata qədər sürətlənəcəyi tam elektrik Electric rejimindən tutmuş, qapalı yarış trekləri üçün hazırlanmış "aqressiv" Race rejiminə qədər, - işləyir.
Bundan başqa, stabilizasiya sisteminin və arxa differensialın alqoritmlərini dəyişdirən AMG Dynamics profilləri də qorunub saxlanılıb. Rekuperasiya sistemi dörd intensivlik səviyyəsi təklif edir və hətta elektromobillərdə olduğu kimi, avtomobili "bir pedalla" sürməyə imkan verir.
Sərt əyləcləmə zamanı batareya 90 kilovata qədər güclə qidalanır. Mercedes-AMG Petronas mühəndisləri ilə birlikdə yaradılmış 400 voltluq blok 89 kiloqramdır və 560 litium-ion hüceyrəsindən ibarətdir. Hüceyrələrin hər biri, 14 litr xüsusi maye dolaşan və divarlarının qalınlığı bir neçə millimetr olan soyutma moduluna malikdir.
Batareyanın 45 dərəcəlik optimal temperaturu, cərəyanın intensiv ötürüldüyü və qəbul edildiyi trekdə belə saxlanılır. HPB80 qurğusunun ən yüksək gücü 150 kilovat (204 at qüvvəsi), sabit gücü isə 70 kilovatdır (95 at qüvvəsi).
Səkkizsilindrli hibrid ilə paralel olaraq, Mercedes-AMG bölməsi başqa bir hibrid qurğunu hazırlayıb - lakin bu dəfə qurğu güclü dördsilindrli M 139 turbomühərrikinə əsaslanır. Daxili yanma mühərriki uzununa yerləşdirilir, kəmər ötürməsi olan 10 kilovat gücündə startyor-generator və Formula bolidlərində olduğu kimi, istilik enerjsini rekuperasiya edən MGU-H sistemi ilə təchiz edilir.
MGU-H sisteminin əsas elementi turbokompressorun valında quraşdırılmış yığcam mühərrikdir. Bu mühərrik işlənmiş qazlardan enerjini əldə edir və ya pərvanəni məcburi şəkildə fırladaraq aşağı sürətlərdə dartma qüvvəsinin itməsini azaldır.
E Performance hibridləri üçün tənzimlənmiş 2,0-litrlik aqreqat 449 at qüvvəsi hasil edir. Benzin turbomühərrikini 204 at qüvvəli elektromotr ilə də birləşdirmək olar. Bu mühərrikin əsasında yaradılmış və gücü V8 biturbomühərriki ilə müqayisə ediləcək hibrid qurğunu alan ilk avtomobil gələcək Mercedes-AMG C-Class modeli olacaqdır.
Nəhayət, Mercedes-AMG bölməsi bu il ilk elektromobilini buraxacaqdır. Modelin əsasını EVA platformasına təşkil edəcəkdir - yəni, söhbət EQS və ya EQE modellərinin “bərkgedən” versiyasından gedir. AMG elektromobili 100 km/saat həddinə dörd saniyəyə sürətlənəcək və 250 km/saatlıq maksimal sürət həddinə malik olacaqdır.
Üstəlik, AMG versiyalarının bütün atributları – iri təkər diskləri, xüsusi dekor və aerodinamik elementlər, habelə sintetik korporativ səs mövcud olacaqdır. Verilən məlumatlardan belə nəticəyə gəlmək olar ki, yeni elektrokar 43 və 53 indeksi olan AMG modelləri səviyyəsində mövqeləndiriləcəkdir.