Mercedes-AMG bölməsinin bu il 55 yaşı tamam olduğu barədə artıq məlumat vermişik. Bu əlamətdar hadisəni qeyd etmək üçün AMG bölməsi yubiley avtomobilləri seriyasını buraxmağı planlaşdırır. Bir ay əvvəl bu seriyanın ilk nümayəndəsi - Edition 55 xüsusi versiyasında olan Mercedes-AMG G 63 ofrouderi təqdim edilib.

İndi isə, bu seriyaya ən sərfəli qiyməti olan AMG avtomobilləri qoşulublar. Bunlar konstruktiv olaraq unifikasiya edilmiş Mercedes-AMG A 35 hetçbek və sedanı, həmçinin Mercedes-AMG CLA 35 sedan və universalıdır.

Edition 55 versiyasının standart təchizatına qeyri-yubiley avtomobilləri üçün əlavə ödənişlə təklif olunan bir sıra opsiyalar daxil edilib. Buna misal kimi, inkişaf etmiş ön splitteri, arxa diffuzoru və hetçbeklər üçün arxa spoyleri  özündə cəmləşdirən AMG Aerodynamics Package dəstini göstərmək olar.

Eyni zamanda, avtomobillər eksteryerin qara tərtibat elementlərini və 19-düymlük təkər disklərini də əldə ediblər. "Yubiley" xüsusiyyətləri – AMG atelyesinin emblemi olan kuzov etiketləri və gümüşü rəngli yanacaq çəninin orijinal qapağıdır. Seçim olaraq, yalnız ağ və qara kuzov rənglər təklif edilirlər.

Avtomobillərin salonu, analoji G-Class modelində olduğu kimi, qara və qırmızı rənglərdə tərtib edilib, sükan çarxında və oturacaqların kürək hissəsində “55” rəqəmi həkk olunub.Həmçinin, yubiley avtomobillərində xüsusi versiyanın adı olan məxmər ayaqaltılar və işıqlandırılan xüsusi kandar lövhəcikləri var.

Texniki cəhətdən dəyişiklik yoxdur: 35 indeksli bütün AMG avtomobilləri 306 at qüvvəli 2,0-litrlik turbomühərrik, yeddi pilləli "robot" və arxa oxda muftası olan tam ötürmə sistemi ilə təklif edilirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

A 35 və CLA 35 modelləri üçün nəzərdə tutulmuş AMG Edition 55 paketinin qiyməti  12 614 avrodur. Xatırladaq ki, Mercedes-AMG G 63 ofrouderi üçün eyni dəst 18 000 avroya başa gəlir. Yubiley versiyalarının tirajı məhdudlaşdırılmayıb, lakin belə avtomobilləri yalnız bu ilin noyabr ayına qədər sifariş etmək mümkün olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.