Mercedes-AMG bölməsinin bu il 55 yaşı tamam olduğu barədə artıq məlumat vermişik. Bu əlamətdar hadisəni qeyd etmək üçün AMG bölməsi yubiley avtomobilləri seriyasını buraxmağı planlaşdırır. Bir ay əvvəl bu seriyanın ilk nümayəndəsi - Edition 55 xüsusi versiyasında olan Mercedes-AMG G 63 ofrouderi təqdim edilib. Daha sonra yubiley xəttinə A 35 hetçbek və sedanı, habelə CLA 35 sedan və universalı da qoşulublar
Belə avtomobillərə sifarişlər oktyabr ayına qədər qəbul edilir, lakin baş vermiş bütün dəyişikliklər sırf kosmetik xarakter daşıyır. İndi yubiley seriyasına daha altı model əlavə edilib: söhbət A 45 4Matic və A 45 S 4Matic sedanlarından, habelə CLA 45 4Matic və CLA 45 S 4Matic “kupe” və universallarından gedir.
Onların hamısı tərkibinə daha böyük ön splitter və arxa spoyler, qara eksteryer elementləri və 19-düymlük təkər diskləri daxil olan AMG Aerodynamics paketini əldə ediblər.
Digər diqqət çəkən məqamlar arsında AMG embleminin əks olunduğu etiketlər, yanacaq çəninin gümüşü qapağı və klassik qara-qırmızı rəngli salon var. Edition 55 paketinə həmçinin mikrofiber ilə üzlənmiş AMG Performance sükan çarxı, işıqlandırılan “AMG” yazısı olan kandar lövhələri və cilalanmış tünd alüminiumdan hazırlanmış interyer dekoru daxildir.
Xüsusi versiyadan olan avtomobilləri yalnız ağ və ya qara “metallik” rənglərində sifariş etmək olar. Hər bir müştəri bonus olaraq, AMG loqosu ilə bəzədilmiş və nəfəs alan materialdan hazırlanmış firma örtüyünü alacaqdır. Edition 55 paketinin qiyməti 12 614 - 14 280 avro arasındadır.
Avtomobillərin texniki hissəi dəyişilməz qalacaqdır. Bunlar 387 at qüvvəsi və 480 Nm fırlanma anı və yaxud 421 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik, iki “yaş” muftası olan səkkiz pilləli AMG Speedshift DCT-8G “robotu” və AMG Performance 4Matic + tam ötürməsidir. S versiyaları ilk “yüzlüyü” 3,9 - 4,0 saniyəyə toplayırlar. Maksimal sürət elektronika tərəfindən 250 və ya 270 km/saat həddində məhdudlaşdırılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.