Mercedes-AMG A45 hetçbekinin növbəti nəsli doqquz pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə təchiz ediləcəkdir. Adı çəkilən sürətlər qutusu A-Class modelinin adi modifikasiyası ilə birlikdə debüt edəcəkdir ki, sonradan AMG mütəxəssisləri qutu üzərində gərəkli çalışmaları aparacaqdırlar. Bu barədə məlumatı, alman şirkətindəki şəxsi mənbələrinə istinadən “Autocar” dərgisi yaymışdır.
Yeni model əvvəlki kimi 2,0-litrlik turbomühərriklə təchiz ediləcəkdir ki, bu aqreqat da yeni çiləmə sistemi və turbokompressor ilə komplektləşdiriləcəkdir. Bu dəyişikliklər sayəsində alman mütəxəssisləri bir litr həcmdən 200 at qüvvəsi əldə etmək niyyətindədirlər. Beləliklə, yeni mühərrikin gücü təxminən 400 at qüvvəsinə bərabər olmalıdır. Mercedes-AMG A45 modelinin tam çəkiş sisteminə də yenidən baxılacaqdır. Bundan başqa, avtomobilin qabaritlərində də dəyişiklik olmalıdır. Ehtimallara görə, yeni “qaynar” hetçbek 100 km/saat sürətini dörd saniyədən az müddətə yığacaqdır.
“Autocar” dərgisi eyni zamanda hetçbekin AMG tərəfindən hazırlanmış bir qədər zəif variantının olacağını da istisna etmir. Bu modifikasiya Volkswagen Golf GTI modeli ilə rəqabət aparmalıdır. Mercedes-Benz A-Class modelinin növbəti nəslinin 2018-ci ildə debüt etməsi gözlənilir. Bu modelin hibrid güc aqreqatı ilə təchiz edilmiş variantının olacağı da məlumdur. Hetçbekin “qaynar” variantı isə, bir il sonra, 2019-cu ildə təqdim ediləcəkdir.