İspaniyanın 77km.com nəşri 2020-ci model ilinin Mercedes-AMG A 45 S idman hetçbekinin qatıldığı "sığır testi" barədə hazırladığı videohesabatı yayımlayıb. “Qaynar” hetçbek kəskin manevrləri 75 km/saat həddində həyata keçirməyə müvəffəq olub. Xatırladaq ki, eyni nəticəni Honda CR-V və Renault Captur krossoverləri nümayiş etdiriblər. Müqayisə üçün, Toyota Supra modeli bu sınaqdan 77 km/saat nəticəsi ilə çıxıb.

Avtomobili gərək olan 77 km/saat hədinə qədər sürətləndirmək cəhdi uğursuzluqla nəticələnib: hetçbek izafi dönmə xüsusiyyətini nümayiş etdirib. Eyni nəticə 76 km/saat sürətilə hərəkət edən zaman qeydə alınıb – avtomobilin arxa hissəsi sürüşərək konusa dəyib. İdarəetmə elektronikasının Sport rejiminə keçilməsi hetçbekin idarə olunmasına təsir göstərməyib.

“Qaynar” hetçbek "slalom"  testindən uğurla çıxıb. Jurnalistlər avtomobilin çevikliyindən razı qalıblar. Hetçbek tu tapşırığı konuslara toxunmadan uğurla yerinə yetirib. Dərc edilmiş videoda testin isti hava şəraitində keçirildiyi də qeyd olunur. Asfaltın temperaturunun 60 dərəcəyə yaxın olmasının nəticəyə təsir göstərməsi ehtimalı da mövcuddur.

Avtomobillər üçün ən çətin sınaqlardan biri olan “sığır testi”, onların yüksək sürətdəki idarəolunma xüsusiyyətlərini yoxlamaq üçündür. Avtomobil yüksək sürətlərdə kəskin manevrlər edir və bu manevrləri konuslara toxunmadan həyata keçirməlidir. “Uğursuzluq” dedikdə, avtomobilin manevr edərkən sürüşməsi və ya xarici təkərlərə qalxması nəzərdə tutulur. Yaxşı nəticə dedikdə isə, avtomobilin bu sınağı ən azı 70 km/saat sürəti ilə keçməsi gərəkdir.