Ənənəvi olaraq, hər bir Mercedes-Benz modeli AMG bölümü tərəfindən hazırlanmış idman modifikasiyasına sahib olmalıdır. Üstəlik, bu modellərin top versiyaları iki kateqoriyaya bölünür - «adi» və «bərkgedən» S variantı.
Yeni nəsil Mercedes-Benz A-Class hetçbeki də bu qaydalardan istina təşkil etməyib. Qudvudda keçirilən Sürət festivalında alman istehsalçısı Mercedes-AMG A45 4Matic+ hetçbekini təqdim edib. Bu tədbirdə «bərkgedən» hetçek tək olmayıb - ona Mercedes-AMG CLA45 4Matic+ sedanı yoldaşlıq edib. Məlumdur ki, bu modellər əvvəllər S modikasiyasında təklif edilirdilər. Yeni AMG modelləri isə, eyni zamanda A45 S və CLA45 S versiyalarında da debüt ediblər.
Hər iki model aqressiv xarici görkəmə malik olublar. Hətta, böyük modellərin imtiyazı olan Panamerica radiator barmaqlığı da yeni modellərdə quraşdırılır. Bundan başqa, aerodinamik kuzov dəstinə genişləndirilmiş təkər tağları, antiqanad (hetçbekdə) və spoyler də (sedanda) daxil edilibdir. Ön bamperdə kanardlar quraşdırılmış, kandarlar daha çıxıntılı formaya malik olmuş, arxa bamper isə, buraxılış sisteminin dörd çıxış borusu quraşdırlmış diffuzora sahib olmuşdur. Adi variantda çıxış borularının diametri 82 mm, S versiyasında isə 90 mm təşkil edir.
Avtomobillərin sadə variantları 18-düymlük təkər diskləri və gümüşü rəngli supportlar, S-variantlar isə, 19-düymlük disklər və qırmızı supportlar ilə təchiz edilir. Texniki cəhətdən Mercedes-AMG A45 4Matic+ və Mercedes-AMG CLA45 4Matic+ bənzərdilər. Hər iki avtomobil 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz edilirlər. Adi halda mühərrik 387 at qüvvəsi və 480 Nm, S variantında isə 421 at qüvvəsi və 500 Nm hasil edir. Güc aqreqatları səkkiz pilləli AMG Speedshift «robotu» və 4Matic+ tam ötürmə sistemi ilə tandemdə çalışırlar.
Mercedes-AMG A45 S hetçbeki 100 km/saat həddini dörd saniyəyə, CLA45 S sedanı isə, 4,1 saniyəyə toplayır. Hər iki modelin maksimal sürət həddi elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. Əlavə ödənişlə bu həddi 270 km/saata çəkmək olar.
Hər iki model üçün drift rejimi də nəzərdə tutulmuşdur. Bu rejimi aktivləşdirmək üçün dinamik stabilizasiya sistemini söndürmək və örürmələrin həyata keçirilməsini öz üzərinizə götürmək gərəkdir. Bu halda mühərrikin dartma qüvvəsi yalnız arxa oxa ötürülür.
Mercedes-AMG A45 və Mercedes-AMG CLA45 modelləri standart olaraq dəyişən ötürmə əmsalı olan xüsusi sükan mexanizmi və amplitudalı amortizatorlar ilə təchiz edilirlər. Opsional olaraq, elektronika idarələnən amortizatorları olan AMG Ride Control adaptiv asqısını da sifariş etmək olar.
Hər iki model bu ilin payızında satışa çıxarılacaqdırlar. İlkin məlumata görə, onların qiyməti 60 min avrodan başlanır.