Mercedes-Benz şirkətinin AMG bölməsi GLB krossoverinin «qaynar» variantı olan Mercedes-AMG GLB 35 4Matic modelini təqdim edib. Yeni krossover Mercedes-AMG bölməsinin onsuz da geniş çeşidə malik olan model xəttini daha da zənginləçdirib. Yığcam A-Class sedan və hetçbeki, həmçinin CLA sedan və universalından sonra, model xəttində beş və ya yeddiyerli salona malik olan yığcam krossover də peyda olub.
Mercedes-Benz GLB 35 4Matic modeli 306 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli turbomühərrik, səkkiz pilləli AMG Speedshift DCT 8G avtomatik ötürmələr qutusu və 4Matic tam çəkiş sistemi ilə təchiz edilir. Stabilizasiya sistemi üç rejimiə malik olsa da, tamamilə söndürülmür.
«Qaynar» krossover 100 km/saat həddinə 5,2 saniyəyə sürətlənir. Avtomobilin makimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb. Krossover standart olaraq Race Start sistemi, başqa dillə desək Lounch Control ilə təchiz edilir ki, bu sistem yerindən yeyin startı təmin edir. AMG Dynamic Select sistemi beş hərəkət rejiminə malikdir: Slippery, Comfort, Sport, Sport+ və Individual.
Bundan başqa, AMG mütəxəssisləri avtomobilin asqısı üzərində ciddi şəkildə işləyiblər: krossover eni yaylar və amortizatorlara sahib olub, öndə dəyişdirilmiş qollar, arxada isə, başqa rama altlığı quraşdırılıb. Nəticədə, kuzovun yana əyilmələri azalmış və köndələn dinamika yaxşılaşdırılmışdır. Əlavə ödənişlə, krossoveri adaptiv AMG Ride Control asqısı ilə də təchiz etmək olar. GLB modelinin idarəetməsinin yaxşılaşdırılmasına hissiyatı artırılmış sükan mexanizmi və dördporşenli AMG əyləcləri xidmət edir.
AMG tərtibatı yığcam krossoverə xüsusi cəlbedicilik bəxş edib. Bu tərtibatın tərkibinə Panamerica firma radiator barmaqlığı (35 indeksli modellər üçün ilk dəfə), buraxılış sisteminin çıxış boruları olan arxa diffuzor, damda quraşdırılmış spoyler və 19-21 düymlük təkər diskləri daxildir. Avtomobilin salonunda xüsusi AMG tərtibatına malik olan virtual cihazlar panelini və tərtibat sxemini görmək olar.
Mercedes-AMG GLB 35 4Matic modelinin kütləvi debütü Frankfurt avtosalonunda baş tutacaqdır. Modelin satışlarına 2020-ci ilin əvvəlində başlanacaqdır.