Mercedes-Benz şirkəti C-Class Coupe modelinin «qaynar» variantı sayılan Mercedes-AMG C43 4Matic Coupe variantını rəsmi olaraq təqdim etmişdir. Avtomobilin rəsmi təqdimat mərasimi bu günlərdə işinə başlayacaq Cenevrə avtosalonunda baş tutmalıdır. Bur müddət əvvəl, alman şirkəti C-Class ailəsinə həsr edilmiş mətbuat açıqlamasında Mercedes-AMG C43 4Matic Cpupe modelinin də görüntüsü olan təsvirləri yaymışdır. Budur, artıq Mercedes-Benz yeni model üzərindəki sirr pərdəsini tamamilə qaldırmışdır.
Əvvəllər də qeyd etdiyimiz kimi Mercedes-AMG C43 4Matic Coupe modeli 357 at qüvvəsi və 520 Nm fırlanma anı olan iki turboüfürməli 3,0-litrlik V6 mühərriki ilə təchiz edilir. Güc aqreqatı 9 pilləli 9G-Tronic avtomatik sürətlər qutusu ilə birlikdə çalışır.
«Qaynar» kupe standart olaraq, dartma anını oxlar arasında 31:69 nisbətində bölən 4Matic tam ötürməli çəkiş sistemi ilə təchiz edilir. Mercedes-AMG C43 4Matic Coupe modeli saatda 100 kilometr sürətini 4,7 saniyəyə toplayır.
«Qaynar» kupenin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır. Avtomobil 100 kilometrə qarışıq dövrdə 7,8 litr yanacaq sərf edir.
«Qaynar» Mercedes-AMG C43 4Matic Coupe standart olaraq AMG Ride Control idman şassisi ilə təchiz edilir ki, avtomatik tənzimlənən amortizatorlar sayəsində bu şassinin üç rejimindən - Comfort, Sport, Sport Plus salondakı düymə vasitəsi ilə istifadə etmək olur.
Avtomobil həmçinin, AMG Dynatic Select sisitemi ilə təchiz edlimişdir. Bu sistem Eco, Sport, Sport Plus və İndividual rejimlərinə malikdir ki, bu rejimlər sayəsində də, sürücü avtomobilin xarakterini arzuladığı kimi tənzimləyə bilir.
Əlbəttə ki, yeni model AMG nişanını daşıyan hər bir avtomobil kimi, aqressiv görkəm yaradan aerodinamik parçalar dəstinə və interyerin xüsusi tərtibatına malikdir. «Qaynar» kupe standart olarar AMG xəttinə mənsub olan 18-düymlük təkər diskəri ilə təchiz edilir.
Mercedes-Benz şirkəti C43 4Matic Coupe modelindən başqa, Cenevrədə C-Class Cabriolet kabrioletini və E-Class modelini nümayiş etdirəcəkdir.