Mercedes-AMG Mythos ailəsinin ikinci üzvünü təqdim edib. Mercedes-AMG CLE 646 Spezialanfertigung adlanan yeni kupe CLE 53 modelinin əsasında hazırlanıb, lakin onun konstruksiyası və texniki quruluşu donorundan ciddi şəkildə fərqlənir. Ekstremal kupenin tirajı 30 nüsxə ilə məhdudlaşdırılıb. Qeyd etmək gərəkdir ki, artıq bütün avtomobillər satılıb.

CLE 646-nın əsas xüsusiyyəti kapotun altındakı 4,0-litrlik V8 biturbo mühərrikidir. M177 ailəsindən olan aqreqat 646 at gücü850 Nm hasil edir. Anladığınız kimi, modelin adındakı “646” rəqəmi də məhz mühərrikin at gücünə işarə edir.

AMG bu avtomobildə standart CLE-nin komfort və universallıq fəlsəfəsindən uzaqlaşaraq maksimal sürüş həzzinə üstünlük verib. CLE 646 yalnız arxa ötürməlidir və güc elektron idarələnən diferensial vasitəsilə arxa təkərlərə ötürülür. Bu həll sürücüyə idarəetmədən daha çox həzz almağa imkan yaradır.

Yeni kupe 9-pilləli avtomatik transmissiya ilə təchiz olunub. Avtomobil 0-dan 100 km/saata 3,9 saniyəyə sürətlənir, maksimal sürət isə 311 km/saat təşkil edir.

CLE 646-ı hazırlayan zaman əsas məqsədlərdən biri çəkini azaltmaq olub. AMG mühəndisləri kuzovda geniş şəkildə karbonplastikdən istifadə ediblər və nəticədə avtomobil CLE 53 ilə müqayisədə təxminən 170 kiloqram yüngülləşdirilib.

Kuzov da adi CLE-dən ciddi şəkildə fərqlənir. Avtomobil xüsusi wide-body kuzova, genişləndirilmiş qanadlara, iri hava girişlərinə və inkişaf etdirilmiş aerodinamik elementlərə malikdir. Arxa hissədə böyük sabit antiqanad, ön hissədə isə əlavə aerodinamik elementlər yerləşdirilib. AMG-nin məlumatına görə, yeni hazırlanmış aerodinamik paket yüksək sürətdə əhəmiyyətli yerəbasma qüvvəsi yaradır.

Asqı sistemi də xüsusi olaraq bu model üçün hazırlanıb. CLE 646 tənzimlənən vintli asqı ilə təchiz edilir, üstəlik avtomobilin şassi quruluşu trekdə istifadə üçün uyğunlaşdırılıb. Karbon-keramika əyləc mexanizmləri isə yüksək sürətlərdə effektiv əyləclənməni təmin edir.

Avtomobilin buraxılış sistemi də xüsusi xarakter daşıyır. CLE 646 titandan hazırlanmış Akrapovič buraxılış sistemi ilə təchiz olunub. Bu sistem həm çəkinin azaldılmasına, həm də V8 mühərrikin səsinin daha emosional xarakter almasına xidmət edir.

Salonun hazırlanmasında da eyni fəlsəfədən istifadə edilib. Karbon elementlər, idman oturacaqları və çəkini azaltmağa yönəlmiş həllər avtomobilin yarış xarakterini ön plana çıxarır. Komfort elementlərinin bir hissəsi ixtisar edilərək sürücünün avtomobillə daha birbaşa əlaqəsinə üstünlük verilib.

Mercedes-AMG CLE 646 Spezialanfertigung Mythos ailəsinin ikinci üzvüdür. Seriyanın ilk modeli olan PureSpeed-dən fərqli olaraq, yeni avtomobil damı və ön şüşəsi olan tamölçülü kupe formasındadır. Lakin hər iki modelin əsas ortaq xüsusiyyəti yüksək eksklüzivlik və çox məhdud istehsal tirajıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

AUTOGRAPH NOTE

Beləliklə, CLE 646 müasir AMG modelləri arasında olduqca fərqli mövqedə dayanır. O, sadəcə CLE ailəsinin daha güclü versiyası deyil, V8 mühərriki, arxa ötürmə, yüngülləşdirilmiş konstruksiyaya, trek yönümlü şassiyə malik olan və cəmi 30 nüsxəlik tirajla buraxılacaq kolleksiya avtomobilidir.

Mercedes-AMG-nin bu layihə ilə nümayiş etdirdiyi yanaşma markanın keçmişdəki fərdi hazırlanmış, azsaylı AMG modellərinin fəlsəfəsini müasir texnologiyalarla birləşdirir. CLE 646-nın bütün nüsxələrinin artıq satılması isə bu növ avtomobillərə kolleksiyaçı marağının nə qədər yüksək olduğunu göstərir.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.