Mercedes-Benz şirkəti E-Class modelinin yeni nəslinin «qaynar» variantı olan Mercedes-AMG E43 4Matic sedanını rəsmi olaraq təqdim etmişdir. Yeni modifikasiyanın küntəvi təqdimat mərasimi 23 martda işinə başlayacaq Nyu-York avtomobil salonunda baş tutacaqdır. Avtomobil bir sıra vizual dəyişiklərlə yanaşı 401 at qüvvəsi olan 3,0-litrlik iki turboüfürməli V6 mühərriki ilə də təchiz edilmişdir. Mercedes-AMG E43 4Matic modeli istehsalçı tərəfindən «yeni E-Class’ın daha əlçatan və kifayət qədər güclü variantı» kimi səciyyələndirilir.
Bu avtomobil Mercedes-Benz şirkətinin model cərgəsində təqdimatı gözlənilən «bərkgedən» Mercedes-AMG E63/E63 S modelindən bir pillə aşağıda qərarlaşacaqdır. Bu model 600 at qüvvəsi gücü olan 4,0-litrlik mühərrik ilə təchiz ediləcəkdir. Yuxarıda da qeyd etdiyimiz kimi, Mercedes-AMG E43 4Matic modeli Mercedes-AMG C43 və Mercedes-AMG GLE43 Coupe modelindən tanış olan 3,0 V6 Biturbo mühərriki ilə hərəkətə gəlir.
Güc aqreqatı iki yeni turbokompressorla və yenidən işlənmiş proqram təminatı ilə təchiz edilmişdir. Nəticədə mühərrikin gücü 34 at qüvvəsi artaraq 401 at qüvvəsi və 520 Nm fırlanma anı təşkil etmişdir.
Güc aqreqatı 9-lilləli 9G-Tronic avtomatik sürətlər qutusu və təkmilləşdirilmiş 4Matic AMG Performance tam ötürməli çəkiş sistemi ilə birgə çalışır.
«Qaynar» sedan 100 km/saat həddinə kimi sürətlənməyə 4,6 saniyə sərf edir və onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır.
Bunlardan əlavə, avtomobil AMG Airmatic Adaptive Sport Suspension adaptiv idman asqısı, təkmilləşdirilmiş sükan idarəetməsi və havalandırmalı diskləri olan daha güclü əyləc mexanizmləri ilə təchiz edilir.
Avtomobilin zahiri görkəminə gəldikdə isə, biz, daha aqressiv aerodinamik kuzov dəstini, 19-düymlük təkər disklərini, «almaz işləməli» radiator barmaqlığını, genişləndirilmiş hava girişlərini, yeni arxa diffuzoru və idman səsboğucu sisteminin borularını müşahidə edə bilərik.
«Qaynar» sedanın salonunda isə yeni sükan çarxını, digər cihazlar panelini və qırmızı sapla işlənmiş xüsusi tikişləri qeyd etmək olar. Mercedes-AMG E43 4Matic modelinin satışlarına bu ilin payızında start veriləcəkdir. Avtomobilin satış qiymətləri hələlik elan edilməmişdir.