Mercedes-Benz şirkəti yenilənmiş E-Class modellərini mart ayında təqdim etmişdi. İndi isə, növbə "bərkgedən" Mercedes-AMG E63 sedan və universalına çatıb.
Alman istehsalçısı "bərkgedən" modelləri sabah - 18 iyun tarixində təqdim edəcəyini bildirib. "Bərkgedən" sedanın yenilənmiş variantı onu E-Class ailəsindən olan digər modellər ilə bağlayacaq yeni kosmetik və texnoloji yeniliklərə sahib olacaqdır. Seriya həyatına başlayacaq yenilənmiş Mercedes-AMG E63 modeli yeni Audi RS6 Avant və yenilənəcək BMW M5 modelləri ilə rəqabət aparacaqdır.
Mercedes-AMG E63 modeli GLE 63 modeli kimi, 4,0-litrlik V8 biturbo mühərriki və 48-voltluq şəbəkədən qidalanan Mercedes EQ Boost startyor-generatoru olan yumşaq hibrid güc qurğusunu alacaqdır. Avtomobil Avropada iki variantda - standart və S variantlarında təklif ediləcəkdir. Güc qurğusunun hasilatı əvvəlki kimi, standart variantda 585 at qüvvəsi (750 Nm), S variantında isə 612 at qüvvəsi (850 Nm) olacaqdır.
Güc aqreqatı 9-pilləli avtomatik transmissiya və 4Matic+ tam ötürmə sistemi ilə tandemdə çalışacaqdır. Avtomobilin təchizatına adaptiv Pnevmatik asqı sistemi, iri havalandırmalı diskləri olan güclü əyləc mexanizmləri, yüksək sürtünməli differensial, mühərrikin dinamik dayaqları və dartma qüvvəsinə nəzarət sistemi daxil ediləcəkdir.