Mercedes-Benz EQE elektrik sedanı ötən ilin sentyabrında debüt edib, lakin hələ bazara daxil olmayıb: satışlarının başlanması yaya planlaşdırılıb. Ancaq ailənin genişləndirilməsinə əvvəlcədən başlanılıb. Arxa ötürməli EQE 350 modifikasiyasına iki güclü AMG versiyası əlavə edilib - Mercedes-AMG EQE 43 4Matic və Mercedes-AMG EQE 53 4Matic +.

Benzin mühərrikli Mercedes-Benz modellərində "43" və "53" indeksləri adətən ciddi texniki fərqlərdən xəbər verir, lakin elektromobillərdə fərq o qədər də böyük deyil. Hətta, hər iki AMG elektromobilinin boş çəkisi də eynidir: 2525 kiloqram. Hər iki versiya da iki elektrik mühərriki sayəsində təmin edilən tam ötürməyə, 90,6 kilovat-saatlıq dartma batareyasına və pnevmatik asqılı AMG Ride Control+ şassisinə malikdir.

Başlanğıc Mercedes-AMG EQE 43 4Matic versiyası ümumi hasilatı 476 at qüvvəsi və 858 Nm fırlanma anı olan mühərriklərə malikdir. Elektromobil 100 km/saat həddini 4,2 saniyəyə toplayır, ancaq bunun üçün batareya ən azı 50% dolu olmalıdır.

Bu şərt yerinə yetirilmədikdə dinamika aşağı düşəcək, lakin alman istehsalçısı azalmanın nə qədər olduğunu dəqiqləşdirməyib. AMG EQE 43 4Matic modelinin maksimal sürəti  210 km/saat, maksimal yürüş məsafəsi isə WLTP dövrünə əsasən 533 kilometrdir.

Mercedes-AMG EQE 53 4Matic + təkmilləşdirilmiş mühərriklərə malikdir. Mühərriklər artan cərəyana hesablanmış fərqli sarğıya, yeni çeviricilərə və inkişaf etmiş maye soyutma sisteminə sahibdirlər: kanallar hətta rotor valının içərisində də mövcuddur.

Eyni zamanda, artmış yüklənməni nəzərə alaraq, reduktorlarının yağ ilə soyudulması da gücləndirilib. Güc qurğusunun ümumi hasilatı 626 at qüvvəsi və 950 Nm fırlanma anıdır. Opsional AMG Dynamic Plus paketini sifariş etdikdə, Race Start rejimində qurğunun hasilatı qısa müddətə 687 at qüvvəsi və 1000 Nm-ə yüksələ bilər.

Adi EQE 53 4Matic+ modeli 100 km/saat həddini 3,5 saniyəyə, AMG Dynamic Plus paketi olan versiya isə 3,3 saniyəyə toplaya bilər, lakin batareyadakı cərəyanın səviyyəsinə olan tələb daha sərtdir: batareyanın ən az 70% dolu olmalıdır.

Eyni zamanda, batareya daha yüksək güc üçün nəzərdə tutulmuş fərqli naqillərə və idarəetmə proqramına malikdir. Sedanın maksimal sürəti müvafiq olaraq 220 və 240 km/saat təşkil edir, dolu batareya ilə pasport yürüş məsafəsi 518 kilometrdir. 4Matic+ transmissiyasının adındakı “üstəgəl” işarəsi isə, əsas üstünlüyün arxa oxa yönəldiyindən xəbər verir.

Hər iki AMG versiyasında mühərriklər yalnız Sport+ rejimində tam gücü təmin edə bilirlər. Hətta, Sport rejimidə hasilat 90 faizə, Comfort rejimində - 80 – 85 faizə, qış Slippery rejimində isə 50 faizə qədər məhdudlaşdırılır.

Dəyişkən cərəyanlı yükləmə cihazının gücü 11 kilovat (əlavə ödənişlə - 22 kilovat), sabit cərəyanlının isə 170 kilovat təşkil edir. Rekuperasiyanın gücü 260 kilovata çatır. Batareyanın idarə olunması proqramını media sistemi vasitəsilə “hava” üzərindən yeniləmək mümkündür.

Güclü versiyalardakı pnevmatik asqı təkcə spesifik AMG parametrlərinə deyil, həm də orijinal qollara, stabilizatorlara, təkər toplarına və daha sərt podşipniklərə malikdir. Sport və Sport+ rejimlərində klirens 15 millimetr azaldılır, Comfort rejimində isə sedan yalnız 120 km/saatdan yuxarı sürətlərdə yola yatır.

Artıq "bazada" tam idarəolunan şassi var: arxa təkərlər 3,6 dərəcəyə qədər dönür - 60 km/saata qədər sürətlərdə arxa təkərlər ön təkərlərin əks istiqamətində, 60 km/saatdan sonra isə. onlarla eyni istiqamətdə dönürlər.

Tərkibli baza əyləcləri – öndə altıporşenli, arxada isə  təkporşenli mexanizmlərlə malikdirlər,əyləc disklərinin diametri isə, müvafiq olaraq 415 və 378 millimetrdir. Karbon-keramik əyləclər əlavə ödənişlə təklif olunur, bu halda ön diskin diametri 440 millimetrə qədər artırılır. Standart təkər diskləri 21 düymlükdürlər, ancaq 22-düymlük variant da sifariş edilə bilər.

Zahiri cəhətdən hər iki AMG versiyası eyni görünür. Onların əsas xüsusiyyəti qara rəngli bağlı panelin üzərinə qoyulmuş şaquli çubuqları olan radiator barmaqlığının təqlididir. Avtomobillərin bamperləri dəyişdirilib, baqajın qapağında spoyler isə böyüdülüb. Sürücü üçün yol səthinə oxlar və simvollar şəklində məsləhətlər "çəkə" bilən Digital Light fənərləri standart təchizata daxildirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İnteryerdəki fərqlər də AMG modelləri üçün xarakterikdirlər: bunlar fərqli dizaynlı sükan, güclü yan dəstəyi olan oturacaqlar və dekordan ibarətdir. Vahid şüşə altında üç ekranı olan Hyperscreen ön paneli əlavə ödəniş qarşılığında quraşdırılır. Bir də, AMG versiyalarında standart audiosistem vasitəsilə işləyən və Balanced, Sport və Powerful rejimlərinə malik olan mühərrikin səs generatoru var. AMG Dynamic Plus paketini sifariş etdikdə isə, ən aqressiv Performance rejimi əlavə olunur.

EQE 43 4Matic və EQE 53 4Matic + modifikasiyaları arxa ötürməli baza sedanı ilə eyni vaxtda satışa çıxarılacaqdır. Xatırladaq ki, baza versiyasının qiyməti də hələlik açıqlanmayıb. Yaxın gələcəkdə AMG bölməsi AMG.EA platformasında inşa olunacaq müstəqil elektrik modelini təqdim edəcəyini bildirib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.