Mercedes-AMG komandası ənənəvi olmayan təqdimat mərasimi keçirmişdir. Komanda Mercedes-AMG F1 W07 Hybrid bolidinin içərisindən çəkilmiş videoyazını yaymışdır. Avtomobili idarə edən Mercedes-AMG komandasının pilotu Niko Rosberq Silverstoun trekində bir neçə dövrə vuraraq boksa geri qayıtmışdır. Pilot ilk təəssüratları ilə birbaşa kokpitin içindən bölüşmüşdür. Silverstuonda yaxşı hava şəraiti müşahidə edildiyinə baxmayaraq, komanda avtomobili trekə yağış şinləri ilə buraxmışdır.

Niko Rosberq sükan idarəetməsinin asanlığından, bolidin dinamikası haqqında danışmış və səbirsizliklə yarışları gözlədiyini bildirmişdir. Mercedes-AMG komandasının keçən il istifadə etdiyi W06 avtomobili ilə müqayisədə W07 daha uca səsə malikdir. Bolidin səsinin dəyişdirilməsi qəbul edilmiş yeni texniki reqlament sayəsində mümkün olmuşdur - bu ildən komandalar buraxılış sistemini xüsusi tələblərə  uyğun olaraq yaratmalıdılar. Bununla belə, yeni konstruksiya mühərrikin gücünə və qənaətcilliyinə təsir göstərməyəcəkdir.

Mercedes-AMG F1 W07 Hybrid bolidinin kütləvi nümayişi fevral ayının 22 tarixində keçirləcək qış sınaqları zamanı baş tutacaqdır. Artıq Renault və Red Bull Racing komandaları yeni mövsümün çalarlarını, Williams və Ferrari komandaları isə yeni bolidlərini nümayiş etdirmişdilər. Yeni mövsümün ilk Qran Prisi mart ayının 20 tarixində Melburnda (Avstraliya) keçiriləcəkdir.