Mercedes-Benz daxili yanma mühərrikli G-Class ofrouderinin yenilənmiş versiyasını buraxacaq. Bu, gələn il EQG elektrik ofrouderinin buraxılması ilə eyni vaxtda baş verəcək. Dizayn cəhətdən demək olar ki, heç nə dəyişməyəcək. “Auto Bild” nəşrinin bildirdiyinə görə, ən azı bir mühüm texniki yenilik olacaq. Söhbət Tenneco firmasının CVSA2/Kinetic kinetik asqısından gedir - ofrouder bu sistemi Mercedes-AMG SL rodsterindən və AMG GT kupesindən sonra alacaq. Onun bir çox üstünlükləri var, lakin ən əsası, belə asqı sərtliyi daha da geniş diapazonda tənzimləməyə imkan verir.
Mercedes-Benz şirkətindən başqa, analoji sistemdən Rivian və McLaren şirkətləri də istifadə edir. 750S superkarında o, Proactive Chassis Control adaptiv şassinin son, üçüncü nəslinin bir hissəsidir. CVSA2/Kinetic sistemindəki adaptiv amortizatorlar sıxılma və geri qaytarma səviyyələrinin müstəqil tənzimlənməsinə malikdir, habelə dayanıqlılıq stabilizatoru kimi fəaliyyət göstərən hidravlik xətlərlə bir-birinə bağlıdır. Dövrədəki təzyiq, nəticə etibarı ilə asqının sərtliyi xüsusi klapanlarla tənzimlənir. Üstəlik, yolsuzluqda təkərlərin artikulyasiyasını artırmaq üçün bütün bunları söndürmək olar.
Artıq kinetik asqılı G-Class prototipini idarə edənlərin rəylərinə görə, avtomobilin idarələnməsi nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Kəskin döngələrdə kuzovun yırğalanması azalıb, sərt əyləcləmə zamanı dalışlar azalıb və ümumi rahatlıq artıb. CVSA2/Kinetic yalnız ən yüksək səviyyəli Mercedes-AMG G 63 üçün opsiya olaraq təklif olunacaq. Ofrouder üçün həmçinin yeni mühərrik vəd edilib – bu, GLE 63 S 4Matic modelindən götürülmüş 48-voltluq EQ Boost startyor-generatoru olan 4,0-litrlik səkkizsilindrli biturbomühərrikdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.