Mercedes-AMG bölməsi yeni nəsil GLA modelinin “45” indeksinə malik olan versiyasını təqdim edib. Bu günə kimi, GLA ailəsinin ən “bərkgedən” modeli Mercedes-AMG GLA 35 4Matic sayılırdı. Yeni Mercedes-AMG GLA 45 modeli texniki cəhətdən Mercedes-AMG A 45 və CLA 45 modellərini təkrarlayır. Lakin, bir istisna ilə.
Mercedes-AMG GLA 45 Matic+ modeli hetçbek və sedan kimi 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz edilib. Adi halda mühərrik 387 at qüvvəsi və 480 Nm, S variantında isə 421 at qüvvəsi və 500 Nm hasil edir. Güc aqreqatları səkkiz pilləli AMG Speedshift DCT8G «robotu» və arxa oxun təkərlərinin fərdi muftaları olan AMG Performance 4Matic+ tam ötürmə sistemi ilə tandemdə çalışırlar. Bu transmissiya dartma vektoruna nəzarəti təmin etsə də, A 45 və CLA 45 modellərinin malik olduğu drift rejimindən məhrumdur. Elektronikanın ən tolerant rejimi olan Master yalnız kiçik sürüşmələrə icazə verir.
Dinamik xarakteristikalarına görə Mercedes-AMG GLA 45 4Matic+ modeli "45" ailəsindən olan modellərdən geri qalır. GLA 45 krossoveri 100 km/saat həddini 4,4 saniyəyə, GLA 45 S isə, 4,3 saniyəyə toplayır. GLA 45 modifikasiyasının maksimal sürət həddi elektronika tərəfindən 250 km/saat, S variantının is 270 km/saat həddində məhdudlaşdırılıb.
Mercedes-AMG 45 modellərini şaquli çubuqları olan radiator barmaqlığı, aqressiv formalı bamperləri və beşinci qapı üzərində quraşdırılmış iri antiqanad sayəsində ayırd etmək olar. Salonda isə, AMG modelləri üçün xarakterik olan oturacaqları və sükan çarxını, seçilən AMG dekorunu və cihazların panelinin xüsusi qrafikasını görmək olar. Krossoverlərin kuzovu ön asqının bərkitmə nöqtələrini birləşdirən dartma tir, mühərrikin altındakı alüminium panel və avtomobilin alt hissəsindəki diaqonal tirlər vasitəsi ilə gücləndirilmişdir.
Əlavə ödənişlə adaptiv amortizatorları və üç iş rejimi olan AMG Ride Control asqısını sifariş etmək olar. Mercedes-AMG GLA 45 modeli standart olaraq 19-düymlük təkər diskləri, həmçinin dördporşenli supportları və 350 millimetrlik diskləri olan ön əyləclər ilə təchiz edilir. GLA 45 S modifikasiyası isə, 20-düymlük təkər diskləri, həmçinin altıporşenli supportları və 360 millimetrlik diskləri olan ön əyləclər ilə təklif olunur. Hər iki model birporşenli supportları və 330 millimetrlik diskləri olan arxa əyləc mexanizmləri ilə təchiz edilir. 21-düymlük təkər diskləri isə opsiyadır.
"Qaynar" krossoverlər gələn həfta qapılarını ziyarətçilərin üzünə açacaq Cenevrə avtosalonunda təqdim ediləcək və yay aylarında satışa çıxarılacaqdırlar. Yeri gəlmişkən, daha iri GLB krossoverinin "qırx beşinci" versiyası olmayacaqdır. Hazırda GLB ailəsinin ən güclü fərdi 306 at qüvvəli Mercedes-AMG GLB 35 modelidir.